Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu əlamərdar günün ölkəmizdə geniş şəkildə qeyd edilməsinin gənclərə göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə doğru atılmış mühüm bir addım olduğunu bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu kimi tədbirlər onların dünyagörüşünü, baxışlarını, düşüncələrini inkişaf etdirir, eyni zamanda, yeni gənc kadrların meydana çıxmasına təkan verir.
Ölkəmizdə gənclər hərəkatının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən akademik İsa Həbibbəyli dahi liderin Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib.
Ümummilli Liderin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, bu siyasət dövlətimizin əsas istiqamətlərindən birinə çevrilməklə, ölkəmizin idarəetmə strukturlarında da özünü göstərməkdədir. Natiq vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi dövlət idarəetməsində geniş təmsil olunur, yüksək vəzifələrə çəkilərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin başçısı tərəfindən regionlardakı gənclik də hər zaman diqqət mərkəzində saxlanılır və onların inkişafı üçün bütün zəruri addımlar atılır.
AMEA rəhbəri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş Gənclər üçün Prezident Mükafatının ölkəmizdə gənclərə göstərilən diqqətin bariz ifadəsi olduğunu söyləyib.
Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, AMEA-da da intellektual gəncliyin inkişafı üçün zəruri addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, “Gənc tədqiqatçı” jurnalının buraxılışı biri ingiliscə olmaqla, ildə 4 dəfəyə yüksəldilib. Həmçinin elmi-tədqiqat və ictimai fəaliyyətində fərqlənən gənclər üçün “İlin gənc alimi” mükafatı təsis edilib. 2025-ci ildə AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda elmi məqalələ müsabiqəsi təşkil edilib və 19 gənc təltif olunub. Eyni zamanda, Naxçıvan və Gəncədə gənclər üçün konfranslar təşkil olunaraq regionlarda elmi, intellektual gəncliyin inkişafı üçün əməli addımlar atılıb. Bundan əlavə, gənc alimlər Türkiyə, Polşa, Macarıstan, Misir və başqa ölkələrdə təcrübələrə, ixtisasartırma kurslarına göndəriliblər və bu proses mütəmadi davam etdirilir.
Sonra AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev “AMEA-da gənclər təşkilatının inkişafında yeni mərhələ: Gənclər Akademiyası”, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli “Beynəlxalq elmi bazalara inteqrasiya üzrə AMEA-nın təşviq mexanizmləri və bu istiqamətdə gənclərin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, 2025-ci il Gənclər üçün Prezident mükafatçısı Mircavid Ağalarov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov və AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük laborantı Ülviyyə Aslanova çıxış edərək Gənclər Gününün əhəmiyyətindən danışıblar.
Sonda bir qrup gənc alim və mütəxəssis 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunub.