AMEA da Gürcüstanın Azərbaycandilli məktəblərinin problemləri müzakirə edilib

07.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gürcüstanda fəaliyyət göstərən  “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın “Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabının təqdimat mərasimi keçirilib.

“Soydaş” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Aygül xanım İsayeva ərsəyə gətirdiyi kitabda toxunulan mövzular – Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə hazırkı durum, burada təhsilin səviyyəsi, pedaqoji kadrların çatışmazlığı, mövcud dərsliklərdəki bəzi problemlər barədə ətrfalı məlumat verib. O qeyd edib ki,  Gürcüstanda Azərbaycandilli məktəblərin sayının ilbəil azalması müşahidə olunur.  Belə ki, əgər 1989-cu ildə Gürcüstanda 206 azərbaycandilli məktəb fəaliyyət göstərirdisə, 2026-cı ilə olan göstəricilərə görə, bu rəqəm 116-ya enib.

Aygül xanım məktəblərin sayının azalmasına təsir edən başlıca amillərə toxunaraq bildirib ki, prosesin əsas səbəblərindən biri soydaşlarımızın öz övladlarını daha çox gürcüdilli bölmələrə yerləşdirməyə üstünlük vermələridir. Bunun səbəblərindən biri kimi, kadr çatışmazlığını və infrastrukturun zəifliyini mühüm amillər sırasına daxil edib. Vurğulayıb ki, Azərbaycandilli şagirdlərin təhsil göstəriciləri gürcü və rus bölmələrində təhsil alan həmyaşıdları ilə müqayisədə xeyli dərəcədə zəifdir və bu geriliyin əsas səbəbi kadr təminatındakı çətinliklər və tədrisin keyfiyyətinin aşağı olmasıdır.

Kadr problemindən bəhs edən A.İsayeva qeyd edib ki, ixtisaslı kadr çatışmazlığı səbəbindən “Ana dili və ədəbiyyatı” dərslərini qeyri-ixtisas müəllimləri tədris etmək məcburiyyətində qalırlar: “Artıq 20 ildən çoxdur ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı müəllimi hazırlanmır. Ana dili və ədəbiyyatı fənnini bəzən hətta bu ixtisasa aidiyyatı olmayan digər ixtisas müəllimləri tədris edir.  Ədəbiyyat dərslikləri Azərbaycan dilində Gürcüstana göndərilsə də, yerdə qalan bütün dərsliklər gürcü dilindən tərcümə olunur ki, bu tərcümələrdə Azərbaycan ədəbi dilinin normaları kobud şəkildə pozulur”. O da vurğulanıb ki, Gürcüstanın Milli Tədris Planında “Azərbaycan dili və ədəbiyyatı” adında müstəqil fənn yer almır, bunun əvəzində “Etnik azlıqların dili” tədris olunur. Ana dilində dərs saatlarının azaldılmasının isə Gürcüstan hökumətinin tələbləri ilə bağlı olduğu diqqətə çatdırılıb.

A.İsayeva Gürcüstandakı Azərbaycandilli məktəblərdə VII sinif tarix dərsliyi üçün hazırlanmış iş dəftərinin üz qabığının erməni dilində çap olunduğunu da diqqətə çatdırıb.

Dərsliklərin tərcüməsi üçün xüsusi ekspert qrupunun yaradılmasının vacibliyini vurğulayan A.İsayeva, bu heyətdə azərbaycanlı mütəxəssislərin təmsil olunmasının zəruriliyini və Azərbaycan hökumətinin layihəyə dəstək verməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Məktəblərdəki acınacaqlı infrastruktur vəziyyətindən də söhbət açan A.İsayeva diqqəti ona da yönəldib ki, bəzi təhsil müəssisələrində istilik təminatında ciddi problemlər yaşanır.

“Soydaş” ictimai birliyinin sədri Kamran Ramazanlının aparıcılığı ilə keçən tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Əməkdar incəsənət xadimi İsmayıl Ömərov, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, professor Nəsib Nəsibli, dosent Hüseyn Artıqoğlu, Əməkdar jurnalist Azər Həsrət, iqtisad elmləri namizədi Eldar Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı və digərləri çıxış edərək Aygül xanımın Gürcüstanda Azərbaycandilli məktəblərdə təhsilin vəziyyəti ilə bağlı ardıcıl olaraq araşdırma apardığını, mövcud problemləri Gürcüstanın müvafiq dövlət qurumları qarşısında qaldırdığını xüsusi vurğulayaraq ona təşəkkür ediblər. Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində təhsil almaları ilə bağlı yaranmış mövcud durumdan, xüsusilə də kadr çatışmazlığından narahatlıqlarını ifadə edərək bu sahədə ciddi addımların atılmalı olduğunu diqqətə çatdırıblar. 

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью