Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov və elmi işçisi Elçin Vəliyev rayonun Turan, Qayabaşı, Qozlubulaq və Sarıca kəndlərində elmi ekspedisiyada olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın əsas məqsədi Qərbi Azərbaycan ərazilərindən deportasiya edilmiş soydaşlarımızın ailə üzvləri ilə görüşlərin keçirilməsi olub. Görüşlər zamanı onların Qərbi Azərbaycandakı yaşayış məkanları, məşğuliyyətləri, sosial vəziyyətləri, deportasiyaların səbəbləri, mərhələləri və miqyası haqqında məlumatlar toplanılıb.
Toplanılan materialların elmi dövriyyəyə gətirilməsi soydaşlarımıza qarşı həyata keçirilmiş bu hadisələrin təsadüfi deyil, planlı və sistemli xarakter daşıdığının elmi faktlarla göstərilməsinə, eləcə də yeni tarixi reallıqların araşdırılmasına töhfə vermək məqsədi daşıyır.
Şöbədə bu istiqamətdə tədqiqat işlərinin davam etdirilməsi, növbəti mərhələdə isə digər kəndlərdə məskunlaşmış Qərbi Azərbaycandan olan ailələrlə görüşlərin keçirilməsi nəzərdə tutulur.