Amerika Birləşmiş Ştatları qlobal iqtisadiyyatın əsas mühərriklərindən biridir, lakin bu kateqoriyadakı tək ölkə deyil

22.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"ABŞ iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ilin aprel ayında proqnozlaşdırdığından iki dəfə sürətli böyüyəcək". Bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında deyib. “Cəmi bir ildən bir az çox əvvəl, radikal solçu Demokratların dövründə biz ölü bir ölkə idik. İndi ABŞ iqtisadiyyatı BVF-nin ötən aprel ayında proqnozlaşdırdığından ikiqat sürətlə böyüyür. Və mənim böyümə siyasətlərim və tariflərimlə daha da sürətlə böyüməlidir. Həqiqətən inanıram ki, daha yaxşı işlər görə bilərik. Bu, bütün ölkələr üçün əla xəbərdir. ABŞ planetin iqtisadi mühərrikidir və Amerika çiçəklənəndə bütün dünya çiçəklənir”-deyə Tramp bildirib.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qısa cavab verməli olsaq, ABŞ qlobal iqtisadiyyatda çox böyük rol oynayır, amma tək “mühərrik” deyil.

Akif Nəsirli

“ABŞ dünyanın ən böyük iqtisadiyyatlarından biridir və istehsal, maliyyə bazarları, texnologiya və dolların beynəlxalq rolu baxımından qlobal təsiri çox güclüdür. Amerika Birləşmiş Ştatlarında baş verən iqtisadi böhranlar və ya yüksəlişlər bir çox ölkələrə təsir edir. Bu mənada ABŞ qlobal iqtisadi prosesləri hərəkətə gətirən əsas qüvvələrdən biridir. Amma müasir dünyada iqtisadiyyat artıq tək bir ölkədən asılı deyil. Çin, Avropa İttifaqı, Hindistan və digər böyük iqtisadiyyatlar da qlobal artıma ciddi təsir göstərir. Xüsusilə, Çin son illərdə qlobal istehsal və ticarətdə ABŞ-la eyni səviyyədə, bəzən daha güclü rol oynayır”-deyən iqtisadçı qeyd edib ki, ona görə də “ABŞ dünyanın iqtisadi mühərrikidir” fikri qismən doğrudur, amma tam deyil.

Akif Nəsirlinin fikrincə, daha düzgün yanaşma budur ki, ABŞ qlobal iqtisadiyyatın əsas mühərriklərindən biridir, lakin yeganə mühərrik deyil.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью