Amerika Birləşmiş Ştatları siyasi arenada Rusiya ilə açıq qarşıdurmadan geri çəkilərək Avropanı önə atıb

09.12.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Artıq 4 ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün bir tərəfdən ABŞ Prezidenti Donald Tramp 28 maddəlik “sülh planı” ilə Ukraynaya təzyiqlər edirsə, digər tərəfdən Avropa Rusiyaya təzyiqləri artırmağa, müvafiq “sülh planı”nı yumşaltmağa çalışır. Elə buna görədir ki, Rusiyaya sərt sanksiyaların tətbiqi ilə yanaşı, həm də dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi məsələsi gündəmə atılıb. Hələ 11 martda Avropa Parlamentində bununla bağlı qətnamə qəbul edilmişdi. Lakin indiyədək heç bir dövlət belə bir məsuliyyəti üstlənməyə cəsarət etməyib”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, 3 dekabrda Avropa Komissiyası Avropa Parlamentinin bəhsolunan qətnaməsini icra etmək, başqa ifadə ilə Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən 165 milyard avro “təzminat krediti” ayırmağı təklif edib. Bu təklifə əsasən müvafiq məbləğin 140 milyard avroluq böyük bir hissəsinin Belçika depozitarisi Euroclear-dan götürülməsi nəzərdə tutulub. Lakin Belçika höküməti, o cümlədən Euroclear özü konfiskasiya qərarına qarşıdır.

Şəhla Cəlilzadə

“Rusiyanın Qərb ölkələrində ümumilikdə 300 milyard avro dəyərində aktivləri mövcuddur və bunun 200 milyarddan çox hissəsi Belçikada yerləşdirilib. Bu aktivlərin konfiskasiyası avronun maliyyə etibarlılığının sona çatması, beynəlxalq hüquq sisteminin məhv olduğu kimi beynəlxalq maliyyə sisteminin də tamamilə alt-üst olması deməkdir. Putin daha öncə Avropa Parlamentinin Rusiya aktivlərinin konfiskasiyası qərarını “oğurluq” adlandırmışdısa, Mariya Zaxarova Avropa Komissiyasının qərarına reaksiya olaraq Rusiyanın sərt addımlar atacağını açıqlayıb. Zaxarova qeyd edib ki, sadəcə Rusiya deyil, digər dövlətlər də buna qarşı cavab tədbirləri görəcək. Medvedyev isə bildirib ki, “belə bir qərar müharibə üçün haqlı səbəb yaradır. Rusiya aktivləri konfiskasiya olunarsa, Avropanın aktivləri də konfiskasiya olunacaq”.

Nə ABŞ, nə də Avropa Rusiya ilə birbaşa hərbi savaşa atılacaq deyil. ABŞ demək olar ki, Rusiya ilə açıq qarşıdurmadan geri çəkilərək Avropanı önə atıb”-deyən Şəhla Cəlilzadə qeyd edib ki, bu strateji plana əsasən Avropa həm Rusiyaya maksimum maliyyə təzyiqləri göstərməli, həm Ukraynaya təhlükəsizlik təminatı verməli və Rusiya qarşısında tab gətirməsi, eyni zamanda müharibənin Avropaya sıçramaması üçün Ukraynaya dəstək olmalıdır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью