Amerika Birləşmiş Ştatları və İsrailin əsas planı HƏMAS ı Qəzzadan təzyiq vasitəsilə çıxarmaqdır

11.02.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, yaraqlılar fevralın 15-i günortaya qədər bütün israilli girovları azad etməsələr, İsrail və HƏMAS arasında atəşkəs razılaşması ləğv edilməlidir. Amerika prezidentinin sözlərinə görə, bütün girovların azad edilməsini tələb etməyin və ya hərbi əməliyyatları bərpa etməyin vaxtı çatıb. "Əgər girovlar burada olmasalar, əsl cəhənnəm başlayacaq. Atəşkəsi ləğv edin", - ABŞ prezidenti deyib. Eyni zamanda Amerika prezidenti yekun qərarın İsrail tərəfindən olacağını bildirib. "Mən öz adımdan danışıram. İsrail bunu ləğv edə bilər", - Donald Tramp qeyd edib. Tramp daha əvvəl demişdi ki, Amerika Qəzzaya nəzarəti ələ keçirməli və fələstinlilər başqa yerə köçməlidir. Ərəb ölkələri Trampın təklifini kəskin tənqid edib, Misir və İordaniya öz ölkələrində çoxlu sayda qaçqını qəbul etməklə bağlı təhlükəsizlik problemlərini gündəmə gətirib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail və “HƏMAS” arasında atəşkəs əldə olunması və girovların qarşılıqlı olaraq qaytarılması ilk növbədə İsrail tərəfindən sabotaj edilir: “İsrail bir neçə fələstinlini qaytarmayacağını bildirir. Bunun da qarşılığında “HƏMAS” qaytarmayacağını qeyd edir. Donald Tramp “HƏMAS”-a qarşı yenidən əməliyyatlar elan edir”.

Məhəmməd Əsədullazadə

Politoloq, bu fonda hərbi əməliyyatların başlayacağını düşünmür. Məhəmməd Əsədullazadənin fikrincə, İordaniyanın, Misirin, Qətərin birbaşa təzyiqilə “HƏMAS” girovları qaytaracaq.

“Düşünürəm ki, Türkiyə də bu prosesdə iştirak edəcək. Razılaşma əldə oluna bilər. Burada Qəzzadan fələstinlilərin köçürülməsi məsələsi var. Əsas məqsəd “HƏMAS”-ı küncə sıxışdırmaq, ümumiyyətlə “HƏMAS”-ı Qəzzadan çıxarmaqdır. Amerikanın da, İsralin də planı bundan ibarətdir”-deyən politoloq hesab edir ki, Qəzzadan fələstinlilərin köçürülməsini etnik təmizləmə hesab etmək olar, bu da beynəlxalq nizamın çox ciddi şəkildə pozulması, beynəlxalq hüququn kobud şəkildə tapdanmasına gətirib çıxara bilər və Yaxın Şərqdə vəziyyəti kəskinləşdirə bilər.

Məhəmməd Əsədullazadə qeyd edib ki, sadəcə olaraq “HƏMAS”-ı neytrallaşdırmaq istiqamətində bu kimi əməliyyatlar üzərində çalışırlar.

“Hərbçilərin göndərilməsini istisna etmirəm. Çünki hərbçilərin göndərilməsi “HƏMAS”-a qarşı bir təzyiq vasitəsidir. “HƏMAS”-ı neytrallaşdırmaq istəyirlər. Hərbçilər göndərilsə, “HƏMAS” hərbçilərə qarşı əməliyyat keçirilməsindən çəkinər”-deyə Məhəmməd Əsədullazadə bildirib.

“Proseslər dərin və böhranlıdır. “HƏMAS”-ın Qəzzada qalması və öz mövqeyini qoruyub saxlaması ABŞ-ı, İsraili narahat edən əsas faktordur. Müharibə aparılsa da, “HƏMAS” öz mövcudluğunu qoruya bildi”-deyən politoloqun fikrincə, “HƏMAS” mövqeyi qorumağı bacarsa, ABŞ Qəzza ilə bağlı çox ciddi şəkildə planlar həyata keçirə bilər, bu da hərbçilərin göndərilməsi və Qəzzada vəziyyətin ABŞ tərəfindən ələ alınması ola bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью