Amerika ilə İran arasında münasibətlər kritik mərhələyə keçib ŞƏRH EDİLDİ

16.11.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Amerika ilə İran arasında münasibətlər, demək olar ki, yenidən hərbi əməliyyatların başlanması mərhələsinə keçib. Hər iki tərəfin diplomatiya və danışıqlara məsul şəxslərinin ritorikasında qarşı tərəfə ultimatum xarakterli müraciətlərin şahidi oluruq. Onların açıqlamaları sülh danışıqlarına deyil, sanki qarşı tərəfi kapitulyasiyaya məcbur edəcək bir danışıqlar prosesinə köklənib".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda, hər iki tərəfin hərbi hazırlıq səviyyəsini son həddə çatdırması yeni hərbi əməliyyatların qaçılmaz ola biləcəyini göstərir:

"Təəssüflər olsun ki, müharibə yenidən başlayarsa, İran tərəfinin də ciddi-cəhdlə bəyan etdiyi kimi, heç bir coğrafi məhdudiyyət olmadan, demək olar ki, bütün regionu qan çanağına, fəlakət zonasına çevirmək istəyəcəyi ehtimalı var. Azərbaycanın apardığı balanslı siyasətin İranın belə aqressiv və heç bir diplomatik qayda-qanuna riayət etməyən davranışı ilə uzlaşması inandırıcı görünmür. Müharibə yenidən başlayacağı təqdirdə, təkcə Azərbaycan deyil, Cənubi Qafqazın digər respublikaları, o cümlədən İranın ətrafında yerləşən ölkələrin hər biri bu müharibənin təsirlərinə məruz qala bilər. Xüsusilə də müharibənin başlanğıcında Azərbaycanın birbaşa hərbi əməliyyatlara, yəni İran tərəfindən zorla müharibəyə cəlb edilməsi ssenarisi istisna edilsə belə, mərkəzi hökumətin çökməsi ilə İranda yaşanacaq humanitar böhranın Azərbaycan üçün çox ciddi fəsadları ola bilər.

Hər halda, vəziyyət son dərəcə kritikdir və indidən birmənalı fikir bildirmək, hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyi ilə bağlı mülahizə yürütmək çətindir. Çünki yenidən başlayacaq hərbi əməliyyatların əvvəl olduğu kimi, yalnız havadan endirilən zərbələrlə məhdudlaşacağı, yoxsa quru əməliyyatlarının da həyata keçiriləcəyi, bu prosesdə İrandakı kürd və bəluc silahlı qruplaşmalarından istifadə olunacağı və digər hansı ssenarilərin mümkün olacağı hələlik məlum deyil. Yenə də təkrar etmək istəyirəm ki, hadisələrin gedişatı regiondakı təhlükəsizlik balansına və İranın digər ölkələr üçün səsləndirdiyi təhdidlərin real nəticələrinə aydınlıq gətirəcək. Bu gün isə bu barədə əminliklə və qətiyyətlə danışmaq hələ çox tezdir. Əks halda, bu, qeyri-peşəkar yanaşma olardı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью