Amerikalı ekspert: Azərbaycan Sülh Şurasının effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verə biləcək

03.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 3 fevral, AZƏRTAC

ABŞ-ın rəhbərlik etdiyi Sülh Şurasında Azərbaycan hökumətinin iştirakı çox əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib. O bildirib ki, Sülh Şurasının yaradılması Amerikanın Qəzzadakı münaqişəyə son qoymaq səylərindən irəli gəlsə də, müxtəlif coğrafi bölgələrdən olan iştirakçılarla birlikdə tamamilə yeni bir inkişaf yoluna qədəm qoya bilər.

Ekspert deyib ki, indiyə qədər beynəlxalq sülhə, sülhməramlılığa və digər məsələlərə qarşı təhdidlərlə mübarizə aparan yeganə təşkilat Birləşmiş Millətlər Təşkilatı olub, amma siyasi ziddiyyətlər üzündən təşkilatın Təhlükəsizlik Şurasının yaxşı fəaliyyət göstərməsi çox çətindir.

“Sülh Şurasının münaqişələri dayandırmaq, sülhü təmin etmək, beynəlxalq sabitliyi qorumaq və ya dəstəkləmək üçün hansı icra vasitələrinə sahib olacağı hələlik tam aydın deyil. Lakin Azərbaycan hökumətinin bu sahədə kifayət qədər təcrübəsi var. On illərdir qonşusu Ermənistanla münaqişədə olub. Azərbaycan öz ərazisi və suverenliyi üzərində tam nəzarəti bərpa edə bilib. Buna görə də düşünürəm ki, Azərbaycanın sülh yaratmaq sahəsində birbaşa, canlı təcrübəsini nəzərə alsaq, hər kəsin rahatlığını təmin edən ədalətli bir sülh sahəsində töhfə verə bilər. Beləliklə, düşünürəm ki, Bakı Sülh Şurasına bilik, təcrübə və fərqli bir baxış bucağı gətirə bilər. Beləliklə, çox güman ki, Azərbaycan hökuməti Prezident Trampın rəhbərliyi altında yeni yaradılmış Şuranın effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verə biləcək”,- deyə ekspert əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью