Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Arif Buzovnalının vəfatının birinci ildönümünə
Arif müəllimin vəfatından bir il ötür...
Qəribədir, insan bəzən dünyadan köçən birinin yoxluğunu onun haqqında deyilən sözlərdən daha çox, özünün vaxtilə yazdığı misralarda hiss edir.
Arif Buzovnalının şeirlərini yenidən oxuyarkən xüsusilə “Saat” şeirindəki bu misralar düşündürdü:
Sabahçün divara asdığım saat
Hər gün vicdanımı sözümdən asır.
Biz saatı vaxtı bilmək üçün divardan asırıq. Arif müəllim isə o saatda öz vicdanını görürdü.
Əslində, hamımız ömrün keçdiyini bilirik, amma çox vaxt elə yaşayırıq ki, sanki sabahımızın təminatı var. Görəcəyimiz işləri, deyəcəyimiz sözləri, bəzən də insanların qədrini bilməyi sonraya saxlayırıq.
Sonra anlayırıq ki, vaxt yalnız saatın əqrəblərinin hərəkəti deyilmiş. Həm də gecikmiş sözlər, itirilmiş imkanlar, yaşanmamış anlarmış...
Arif müəllimin yaradıcılığında zaman və ölüm mövzusu xüsusi yer tuturdu. Amma məncə, o, ölümün özündən daha çox, insanın necə yaşamalı olduğunu soruşurdu.
“Gedəcək” şeirində varlıya da, kasıba da, hökm sahibinə də eyni həqiqəti xatırladırdı: bu dünyada heç kim əbədi deyil.
Bəs insan bunu bildiyi halda niyə bəzən elə davranır ki, sanki hər şeyin sahibi özüdür?
Niyə vəzifə insanı dəyişir, var-dövlət vicdanın önünə keçir, haqqı bilənlər susmağa üstünlük verirlər?
Arif müəllimin sözündə bu sualların narahatlığı vardı.
O, yalnız eşqdən, ayrılıqdan yazmırdı. Riyakarlığı, nəfsin insan üzərində hakimiyyətini, ədalətsizliyi də sərt ifadələrlə qarşılayırdı.
“Yola get” şeirindəki istehza da düşündürür: görəsən, insanlarla yola getməyi öyrənmişik, yoxsa hamıya uyğunlaşmaq naminə özümüzdən uzaqlaşmışıq?
Axı hər kəslə yola getmək həmişə doğru yolda olmaq demək deyil.
Amma onun söz dünyasında bu sərt həqiqətlərlə yanaşı, qəribə bir kövrəklik də vardı.
“Payız” şeirində saralan yarpaqlar, səhərin şehi, payızın qoxusu insan ömrünün keçən çağlarını xatırladır. “Bir nəfəs tək” şeirində isə bir anlıq vüsal bütöv bir ömrün həsrətinə çevrilir.
Bəlkə də şairlik elə budur: hamının baxdığı yerdə hamının görə bilmədiyini görmək, adi bir anın içində bütöv bir ömrün mənasını duymaq.
Bir də Xəzər vardı...
Arif müəllimin səsi ilə Xəzərin dalğaları arasında qəribə bir doğmalıq hiss olunurdu. “Göy Xəzərim” deyəndə sanki yalnız dənizi deyil, Buzovnanı, Abşeronu, doğulduğu torpağın ruhunu dilə gətirirdi.
İndi Xəzər yenə dalğalanır, Abşeronun küləyi yenə əsir.
Bir Arif müəllim yoxdur...
Onun yoxluğunda bu misralar daha ağır səslənir:
Tapmadım bircə səbəb qalmağa, bezdim getdim,
Neçə getmək səbəbin yan-yana düzdüm getdim.
Bir zamanlar şairin dünyaya münasibətini ifadə edən bu sözlər indi onun öz gedişini xatırladır.
Amma həmin şeirdə daha mühüm bir fikir də var: yaşamağın mənasını Haqqa xidmətdə görmək.
Məncə, Arif müəllimin yaradıcılığını anlamaq üçün bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki insanın ömrü yalnız yaşadığı illərlə, qazandığı uğurlarla deyil, hansı dəyərlərə sədaqət göstərdiyi ilə də ölçülür.
Bu gün onun xatirəsini yad edərkən başqa bir sual da düşündürür: niyə çox vaxt insanların qədrini onların yoxluğunda daha yaxşı anlayırıq?
Bəlkə də məsələ yaddaşımızın zəifliyində deyil, dəyərlərimizə münasibətimizdədir.
Çünki bir insanı xatırlamaq başqa, onun qoyub getdiyi mənəvi irsə sahib çıxmaq başqadır.
Arif Buzovnalının şeirləri yalnız anım günlərində səsləndirilmək üçün deyil. Onlarda bu gün də vicdanımızı, münasibətlərimizi, yaşadığımız ömrün mənasını sorğuya çəkən fikirlər var.
Bir vaxtlar divardan asdığı saatın əqrəbləri onun öz ömrünün də illərini, günlərini sayırmış.
Bizim saatlarımız kimi...
Fərq ondadır ki, o, zamanın keçdiyini yalnız görmürdü, onun mənasını da soruşurdu.
Biz isə çox vaxt saatın səsini eşidir, nə dediyini anlamırıq.
Arif müəllim artıq aramızda deyil.
Xəzər yenə sahilə çırpılır. Payız yenə gəlir. Həyat öz axarı ilə davam edir.
Amma bu həyatın içində bir səs əskikdir...
Arif müəllimin dünya ömrü tamamlandı. Sözünün ömrü isə davam edir...
Ruhu şad, məkanı cənnət olsun.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Qəribədir, insan bəzən dünyadan köçən birinin yoxluğunu onun haqqında deyilən sözlərdən daha çox, özünün vaxtilə yazdığı misralarda hiss edir.