Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1993-cü ildə Bakı şəhərində anadan olmuş F.H. Nizami rayonunda yerləşən yaşayış binasının blokundakı dolabdan ətçəkən maşın, "Tefal" markalı çaydan və mikser oğurlamaqda təqsirli bilinib.
Hadisə Ş.Mirzəyev küçəsi 68A ünvanında baş verib. Məhkəmənin müəyyən etdiyi hallara görə, F.H. dolabın qıfılını qıraraq saxlanc yerinə daxil olub və ümumilikdə 600 manat dəyərində əşyaları götürüb.
F.H. məhkəmədə ittihamı qismən qəbul edib. O, ətçəkən maşın və çaydanı götürdüyünü, lakin mikser oğurlamadığını iddia edib. Həmçinin dolabın qıfılını sındırmadığını bildirib. Zərərçəkmiş isə bütün əşyaların dolabdan yoxa çıxdığını və ona dəymiş ziyanın ödənilmədiyini deyib.
Araşdırmada məlum olub ki, F.H. 2025-ci ildə oğurluq və narkotiklə bağlı cinayətlərə görə 2 il 2 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası azaldılaraq 1 il 11 ay 24 gün müəyyən olunub və amnistiya aktı ilə azadlığa buraxılıb.
Lakin azadlığa çıxdıqdan sonra yenidən cinayət törədib. Bundan başqa, barəsində araşdırma aparıldığı müddətdə xırda talamaya görə iki dəfə inzibati həbs cəzası aldığı da üzə çıxıb.
Məhkəmənin hökmü ilə F.H. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki tutulma müddəti nəzərə alınmaqla, üzərində 2 il 6 ay 28 gün həbs cəzası saxlanılıb. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.