Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Şəmkirdə həbsdən çıxan kişi bibisinin evinə basqın edib.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Elşən Muradov oğurluğa görə həbs edilib və məhkəmənin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bir ildən sonra Elşənə Milli Məclis tərəfindən Konstitusiya və Suverenlik ili münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cəzasının çəkilməmiş hissəsindən azad edilib.
O, cəzaçəkmə müəssisəsindən Şiştəpə kəndinə gəlsə də, yenidən oğurluq etmək qərarına gəlib. O, həbsdən azad olunduğu üçün gözaydınlığına gələn bibisinin gəlininin boynunda bahalı qızıl boyunbağını görüb və həmin əşyanı oğurlamağı planlaşdırıb. O, 20 gündən sonra müəyyənləşdirib ki, gəlinin həyat yoldaşı Oqtay taksi sürücüsü kimi Bakıya sərnişin aparıb və o, həmin gün evə qayıtmayacaq. Elşən həmin gün gecə saatlarında valideynləri yatandan sonra evdən çıxıb və bibisigilə gedib. O, iz itirmək üçün bibisigilin həyətinə qonşunun hasarından keçib və evin ikinci mərtəbəsində bibisi gəlininin yataq otağına daxil olub. Elşən tanınmamaq üçün maska geyinərək gəlinin yatağına yaxınlaşanda xanım səsə yuxudan oyanıb. Elşən dərhal onun ağzını əlləri ilə tutaraq, ondan əvvəlcə pul tələb edib. Qadın evdə pullarının olmadığını deyib. Elşən - "o zaman qışqırma, boyunbağını ver, gedim", - deyib. Qadın bu təklifdən imtina etsə də, mümkün olmayıb. Elşən bibisi gəlininin boynundan boyunbağını dartıb qırıb cibinə qoyub. Daha sonra o, gəlinin saçından və ağzından tutaraq onu qonaq otağına gətirib. Üzərindəki bıçaqla onu hədələyərək, bu barədə heç kimə heç nə deməməyə and içdirib. O - "Səs eləmə, bura girdiyimi nə Oqtay, nə də bibim biləcək. Əgər bildirsən, gəlib başını kəsib öldürəcəyəm", - deyib. Çarəsiz qalan xanım ona bu barədə heç kimə heç nə deməyəcəyinə and içib. Bundan sonra Elşən yenidən pəncərədən tullanaraq evi tərk edib.
Hadisə yerinə polis əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Elşən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə E.Muradov 9 il 3 ay azadlıqdan məhrum edilib.