Amulini Azərbaycana qarşı kimlər hürküdür? İran mollasının bəyanatının pərdəarxası

23.01.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ərdəbilin imam cüməsi Həsən Amulinin Azərbaycana qarşı növbəti qalmaqallı açıqlamaları ictimai narazılıq doğurub. Belə ki, o, “Səhər TV”də çıxışı zamanı 20 Yanvar hadisələrini təkcə faciə deyil, “Dünya Müsəlman Azərbaycanlılarının Birliyi Günü” kimi təqdim edib. Bununla kifayətlənməyən Amuli həmin günlərdə ABŞ-ın sovet qoşunlarına dəstək verdiyini də iddia edib. Bu açıqlamalar cəmiyyətdə tarixin təhrif edilməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, Həsən Amuli daha əvvəl də Azərbaycan və xalqımız haqqında dəfələrlə təhqiramiz, həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Amulinin çıxışlarına ciddi diqqət yetirməyə ehtiyac yoxdur:

“Nəzərə almaq lazımdır ki, bu şəxs uzun müddətdir Azərbaycana qarşı açıq şəkildə düşmən mövqeyi sərgiləyir və vaxtaşırı əsassız, təxribat xarakterli fikirlər səsləndirir. Onun son açıqlamaları da əvvəlkilərdən mahiyyət etibarilə fərqlənmir. Bu dəfə Amuli 20 Yanvar hadisələri ilə bağlı mövqeyini ifadə edərək, bu faciəni guya “ümumdünya azərbaycanlılarının birliyi” kontekstində dəyərləndirməyə çalışıb. Əslində isə 20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi hesab olunur. Həmin gün xalq Rusiya imperiyasının davamı olan sovet hakimiyyətinə qarşı qətiyyətli müqavimət göstərərək öz hüquqlarını tələb edib və bu yolda canından keçməyə hazır olduğunu nümayiş etdirib”.

Politoloq bildirib ki, 20 Yanvar hadisələri zamanı ABŞ-ın sovet ordusuna dəstək verməsi ilə bağlı iddiaların isə heç bir real əsası yoxdur:

Oqtay Qasımov

“O dövrdə Sovetlər İttifaqı dünyanın iki supergücündən biri idi və onun daxili işlərinə başqa dövlətlərin birbaşa müdaxiləsi mümkün deyildi. Amulinin istinad etdiyi məqam daha çox ondan ibarətdir ki, 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində SSRİ-nin son rəhbəri Mixail Qorbaçov Qərblə, xüsusilə ABŞ-la nisbətən yaxın münasibətlər qurmuş və münasibətlərin normallaşması istiqamətində addımlar atmışdı. Məhz bu səbəbdən Qorbaçov Qərb tərəfindən Sovetlər Birliyində ən çox dəstəklənən lider kimi qəbul olunurdu. Bu kontekstdə ABŞ və digər aparıcı Qərb dövlətlərinin rəhbərləri Bakıda sovet qoşunlarının yeridilməsini və milli azadlıq hərəkatının zorakılıqla yatırılmasını SSRİ-nin daxili işi kimi qiymətləndirdiklərini bəyan etmişdilər. Bu mövqe isə sovet ordusuna hərbi və ya əməliyyat dəstəyi anlamına gəlmirdi. Söhbət yalnız siyasi bəyanatlardan gedirdi və bu bəyanatların əsas məqsədi Qorbaçovun mövqeyini qorumaq, Sovetlər İttifaqında sabitliyin qəfil pozulmasının qarşısını almaq idi. Həmin dövrdə Qərb ölkələri, o cümlədən ABŞ, SSRİ-nin sürətlə dağılmasına hazır deyildilər və bunu arzuolunan hesab etmirdilər. Elə bu səbəbdən də Sovetlər İttifaqı dağıldıqdan sonra yaranan müstəqil dövlətlərin müstəqilliyinin tanınması prosesində Qərb müəyyən müddət tərəddüd nümayiş etdirib”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью