Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində çıxışında və yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə hər zamankı kimi, sağlam dil siyasəti yürütdüyünü, ana dilimizin qoruyucusu, Azərbaycan dilinin daha da inkişaf etməsinin həyatının ən birinci vəzifəsi olduğunu diqqətə çatdırdı.
Bunun AZƏRTAC-a açıqlamasında Əbədi Turan Kitab Fondunun sədri, filologiya elmləri doktoru Esmira Fuad deyib.
O bildirib ki, dövlətimizin başçısı yanvarın 5-də televiziya kanallarına müsahibəsində “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, - deyə bunu bir daha təsdiqlədi.
E. Fuad qeyd edib ki, dilə yalnız ünsiyyət vasitəsi, mədəniyyət hadisəsi kimi deyil, milli təhlükəsizlik və dövlətçilik konsepsiyası kimi baxmaq gərəkdir, çünki dil milləti birləşdirən və dövlətçiliyin dayaqlarını möhkəmləndirən ən başlıca amil, ən mühüm vasitə, milli varlığımızın ən əsas atributlarından biri, təsdiqidir. Ölkə rəhbəri dil siyasəti ilə bağlı düşüncələrini çox məntiqli, sadə və anlaşıqlı, təmiz ana dilində yüksək tribunadan səsləndirərək hər bir soydaşına, 50 milyonluq Azərbaycan xalqına, özəlliklə gələcəyimiz olan gənclərə üz tutdu və ürək yanğısı ilə tarixi çağırışlar etdi, hər bir soydaşını dilimizin saflığını qorumaq uğrunda mübarizəyə səslədi. Əcdadlarımızın qoruyub saxladığı və bizlərə əmanət etdiyi ana dilimizi çağdaş dövrdə də qorumağın nə qədər böyük məsuliyyət olduğunu vurğuladı: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”.
Esmira Fuad əlavə edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, ana dilimiz milli birlik yaradan, dövlətçiliyimizin dayaqlarını möhkəmləndirən ən əsas, köklü amil kimi ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatımızın bütün sahələrində, bütövlükdə Azərbaycan cəmiyyətində daha geniş işlənməyə başlandı, dövlət dili kimi maneəsiz inkişafı üçün münbit şərait yaradıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ana dilinə dövlət qayğısı daha da artırıldı, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün geniş imkanlar yaradıldı. Çağdaş dövrdə Ulu Öndərin siyasi kursu, dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ana dilini yaxşı bilməyi, mükəmməl öyrənməyi hər bir azərbaycanlı üçün əsas şərt sayan dövlətimizin başçısı rus, ingilis, ərəb, fars və fransız dili kimi, digər dilləri də öyrənməyin faydalı olduğunu dilə gətirdi, lakin həmin dillərin Azərbaycan dilindən üstün tutulmamasını da tövsiyə elədi.
Prezidentin ana dilində səlis və aram danışması, dərin məntiqə söykənən çıxışlarında dilimizin ahəngini pozan yad kəlmələrə, alınma sözlərə yer verməməklə, fasiləyə, vurğuya və tempə xüsusi diqqət etməklə Azərbaycan dilini bütün incəliklərinədək kamil bildiyini, söz ehtiyatının nə qədər zəngin olduğunu göstərdi. Eyni zamanda, Azərbaycan dilinin saflığının, özəlliyinin qorunması məsələsində təkcə dilçilərin deyil, bütün cəmiyyətin mənəvi məsuliyyət daşıdığını bəyan etdi, ana dilimizin yetərincə zəngin olduğuna diqqət çəkdi və lüğət tərkibinə xarici sözlərin əlavəsinin qarşısını almağa, dövlət siyasəti ilə dilin norma və qaydalarını möhkəmləndirməyə çağırdı. Ölkə rəhbəri ana dilinin milli kimliyin və dövlətçiliyin əsasını təşkil etdiyini, bu istiqamətdə elmi konfrans və simpoziumların keçirilməsinin, mühüm layihələrin hazırlanmasının da gərəkli olduğunu hər birimizin diqqətinə çatdırdı.
Çıxışlarında dəfələrlə: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur...”, - deyən Prezident İlham Əliyev milli ruhun daşıyıcısı, keçmişimizlə gələcəyimiz arasında möhkəm özüllü körpü olan Azərbaycan dilinin saflığının həm yazı, həm də şifahi nitqimizdə qorunması, xüsusilə də xarici dillərə məxsus söz və ifadələrin yerli-yersiz istifadəsinin, leksikonumuza daxil olunmasının, ana dilimizin tərkibinə qatılmasının qarşısının alınması məsələsinə həssas və konkret, konseptual yanaşdı. Eyni zamanda, dilimizin təəssübkeşi olan aydınlarımızın, elm və sənət adamlarının illər boyu bu istiqamətdə apardıqları mübarizəni də dəstəkləmiş oldu.
“Dilimizi zənginləşdirməyin ən optimal yolu şivə və dialektlərdən, sadə xalq dilindən gözəl və mənalı sözləri seçib ədəbi dilə gətirməkdir. Lakin şivə və dialektlərdən, dilimizdə qarşılığı olmayan bəzi yad sözlərin xarici dillərdən dilin lüğət tərkibinə alınması zamanı da çox diqqətli olmalı, Azərbaycan dilinin təmizliyinin, qanunauyğunluqlarının qorunmasına çalışmalı və bu yolda davamlı mübarizə aparmalıyıq. Bu işə ilk olaraq ailədən, bağçadan, daha sonra isə məktəbdən başlamalıyıq”, - deyə Esmira Fuad fikrini yekunlaşdırıb.