Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Axşam işdən tələsik gəlib özümü mətbəxə atdım. Saat artıq axşam yeməyinin vaxtını keçirdi. Ən qısa yola - makarona əl atdım. Suyun qaynamasını gözləyərkən başladı daxili iztirablarım, yetərsizlik hisslərim... Düşündüm ki, gərək günlər öncədən dolma büküb dondurucuda hazır saxlayaydım. Axı tərtib etdiyim cədvələ görə övladım bu gün almalı olduğu gündəlik protein normasını ala bilmədi. Anam həmişə belə edirdi; dondurucuda hazır yeməyi olurdu. Deməli, mən bir ana olaraq bu günün “task”ını yerinə yetirə bilmədim.
Bu günün ana-atası belə yaşayır. Analar işdən çıxıb uşağı dərsə, kursa, şahmata, rəqsə çatdırmaq üçün vaxtla yarışır, atalar ailənin büdcəsini kəsirlərə qapdırmamaq üçün gecə-gündüz çalışır. Biz təkcə uşaq böyütmürük, həm də böyük bir həyat layihəsini idarə edirik. İmtahan balı, protein norması, sosial fəallıq...
Bəs bütün bu dəli-divanə qaçhaqaç, bu tükənməz fədakarlıq nə üçündür? Bu gün “Qafqazinfo”da “Qocalar evi”ndən hazırlanmış reportaja baxanda ürəyim burxuldu. Biz bu gün övladlarımız üçün can qoyuruq, amma sabah özümüz ahıllaşanda onlardan nə gözləyəcəyik? Şüuraltı olaraq bu əziyyəti gələcək qocalığımızın “mənəvi sığortası” sayırıqsa, yanılırıq. Çünki gələcək geriyə yox, həmişə irəliyə doğru axır. Sabah bizim böyütdüyümüz o uşaqlar da öz övladlarının makaronu, şahmatı arxasınca qaçacaqlar. Və günün sonunda cəmiyyətin bizə təklif edəcəyi o iki seçimdən birinə çırpılacağıq: dörd divar arasında tənha qalmaq, yoxsa qocalar evi?..
Mən valideynlərimdən uzaqda yaşayıram. Gün ərzində demək olar, hər saatbaşı zəngləşirik. Atam bizə gələndə iki dünya bir olsa, onun ən sevdiyi yeməyi - dovğanı bişirirəm. Dünyanın ən kamil dolmasını bükməyi bilsəm də, hər dəfə dolma bişirəndə anama zəng edib yenidən soruşuram... Əslində resepti unutduğum üçün yox, sırf ona hələ də ehtiyacım olduğunu hiss etdirmək üçün. Çünki onlar xəstələnəndə, əlim çatmayanda, məsafələr imkan verməyəndə içimdəki o vicdan ağrısı məni rahat buraxmır.
Çünki insan böyüyür, ailə qurur, valideyn olur, öz övladlarının qayğısına qalır. Amma bütün bunların arasında bir həqiqət dəyişmir: biz ömür boyu kiminsə övladı olaraq qalırıq. Və o an iki od arasında sıxışırıq: bir tərəfdən övladımızın protein davası, digər tərəfdən uzaqdakı valideynlərin xəstəliyi, təkliyi və gözləntiləri.
Biz çox vaxt Qərbdəki modern ahıl evlərinə bəzəkli bir sosial rifah modeli, bu iki od arasından çıxışın ideal həlli kimi baxırıq. Rəsmi mənzərə həqiqətən də qüsursuz görünə bilər: təmiz otaqlar, 24 saatlıq peşəkar tibbi nəzarət və sosial dərnəklər... Lakin bu, medalın sadəcə görünən üzüdür. Fəlsəfi qatda isə mənzərə eyni dərəcədə amansızdır. Qərb cəmiyyətində ahıl insan institusional olaraq tam “təhlükəsizlikdədir”, amma ekzistensial olaraq sistemin kənarındadır. Sistem onun bioloji ehtiyaclarını ödəyir, amma mənəvi ehtiyacı yetim qalır. Qərb fəlsəfəsində “sivil təcrid” və ya “səssiz sürgün” adlanan dəhşət də elə budur: insan rahat bir yataqda, bürokratik bir nəzakət içində növbəsini - ölümü gözləyir. Yaponiyada həftələrlə öz mənzilində kimsəsiz qalıb dünyadan köçənlər üçün işlədilən o vahiməli “kodokushi” (tənha ölüm) fəlakəti də göstərir ki, dünyanın harasında olursa-olsun, modernlik ahıl insanın kökündən qopardılmaq ağrısını sağalda bilmir.
Digər tərəfdən isə bizdəki “el nə deyər?” qorxusu var. Sırf qınaqdan qaçmaq üçün ahıl insanı öz evində dörd divar arasına qapadıb, səhərdən axşamadək təkbaşına televizorun işığında qoyuruq. Bu da mənəviyyat deyil, görünməz bir təcrid kamerasıdır.
Bəs çıxış yolu nədir? Çıxış yolu ahıllığı nə bir “utanc və yük”, nə də “steril bir sürgün” kimi görməkdir.
Həll - ahıl insanın yaşıdları ilə ünsiyyətdə ola biləcəyi, gündüzlər sosiallaşacağı, axşamlar isə doğma ocağına, ailəsinin yanına dönəcəyi gündüzlü sosial mərkəzlərin, çevik dəstək modellərinin qurulmasındadır. Ahıl insanın ən böyük ehtiyacı sadəcə xəstəxana dərmanı və ya bir qab isti yemək deyil; onun ən böyük ehtiyacı dinlənilmək və ehtiyac duyulduğunu hiss etməkdir.
Mətbəxdə su qaynayır...
İndi düşünürəm ki, bəlkə də bu gün uşağımın protein norması tam olmadı. Dünya da dağılmadı.
Bəlkə də, yaxşı ana olmaq hər şeyi vaxtında çatdırmaq, hər normanı tamamlamaq, hər cədvəlin qarşısına “check” qoymaq deyil.
Bəlkə, yaxşı valideyn olmaq uşağın həyatını mükəmməl idarə etmək yox, onun öz həyatını quracağı qədər azad buraxmaqdır. Və bəlkə, bizim qocalığımız üçün də ən doğru hazırlıq uşaqlarımıza özümüzü borc kimi yükləməməkdir.
Çünki bir gün mən də qocalacağam.
O gün mənim üçün dünyanın ən lüks pansionatı da ola bilər, ən rahat yatağı da, 24 saatlıq peşəkar tibbi nəzarəti də.
Amma yəqin ki, qulağım yenə telefonun səsində, gözüm qapıda olacaq.
Çünki insan ömrünün sonunda nə yalnız isti yemək, nə rahat yataq, nə də təhlükəsizlik axtarır. İnsan sadəcə özünü kiminsə həyatında, yaddaşında görmək istəyir.
Mən də bir gün bunu istəyəcəyəm.
Və ümid edirəm ki, övladım mənə borclu olduğu üçün yox, məni düşündüyü üçün zəng edəcək.
Bəlkə də, söhbət çox adi bir şeydən düşəcək. Məsələn, dolmadan.
Telefonun o biri başından o tanış səs gələcək: “Ana, dolmaya duzu nə qədər töküm?”
Nərmin Dadaşova
Xüsusi olaraq “Qafqazinfo” üçün