“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır Startap

29.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycanda qadın sağlamlığı, analıq və uşaq inkişafı sahəsində rəqəmsal həllərə ehtiyac artdıqca, yerli innovativ təşəbbüslər də diqqət mərkəzinə gəlir. Bu istiqamətdə fəaliyyət göstərən “Anacan” platforması analara və ana olmağa hazırlaşan qadınlara etibarlı məlumat, rəqəmsal alətlər və dəstək mühiti təqdim edən yerli FemTech startaplarından biridir.

“Anacan” layihəsi innovativ və yüksək potensiala malik startap kimi “Startap” şəhadətnaməsi alıb. Bu status layihənin texnoloji inkişafına, məhsulun təkmilləşdirilməsinə və gələcəkdə beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə mühüm dəstək verir.

“Anacan” MMC-nin təsisçisi və direktoru Türkan Sultanlı layihənin yaranma tarixi, qadınlara təqdim etdiyi imkanlar, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, məlumat təhlükəsizliyi, xarici bazarlara çıxış planları və startapın gələcək hədəfləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

– “Anacan” ideyası necə yarandı və bu platformanı qadınlar üçün yaratmaq qərarına necə gəldiniz? Layihənin əsas məqsədi nədir?

– İdeya, ilk növbədə, şəxsi ehtiyacdan və ana kimi yaşadığım təcrübələrdən qaynaqlandı. Hamiləlik dövründə və uşaq böyüdərkən fərq etdim ki, internetdə məlumat çox olsa da, onların əksəriyyəti ya qeyri-dəqiqdir, ya da xarici dillərdə təqdim olunur və bizim reallığımızdan uzaq mənbələrə əsaslanır. Gənc anaların etibarlı, elmiəsaslı və doğma dildə məlumat təqdim edən bələdçiyə böyük ehtiyac duyduğunu gördüm.

Əsas məqsədimiz qadınların analıq səyahətini daha rahat, məlumatlı və texnoloji cəhətdən dəstəklənən prosesə çevirmək, onlar üçün tam lokallaşdırılmış FemTech (qadın texnologiyaları) ekosistemi yaratmaqdır.

– Platforma hansı yaş qrupundan olan qadınlara xidmət edir? Regionlarda yaşayan qadınlar üçün platformanın əhəmiyyəti nədir? Qadınların hansı problemlərini həll etməyi hədəfləyirsiniz?

– Platformamız əsasən reproduktiv yaşda olan, ana olmağa hazırlaşan və azyaşlı övladı olan qadınlar üçün nəzərdə tutulub. Regionlarda yaşayan qadınlar üçün “Anacan”ın əhəmiyyəti xüsusilə böyükdür. Çünki paytaxtdan uzaqda yaşayan anaların istədikləri həkimə müraciət etmək və ya müasir məlumat mənbələrindən yararlanmaq imkanları hər zaman əlçatan olmaya bilər.

“Anacan” onların cibindəki rəqəmsal bələdçi rolunu oynayaraq məlumat çatışmazlığını aradan qaldırmağa kömək edir. Biz, əsasən, yanlış və ziddiyyətli məlumatların yayılması, hamiləlik dövrünün və uşağın inkişafının izlənilməsindəki çətinliklər, eləcə də anaların özlərini tənha hiss etməsi kimi problemlərin həllini hədəfləyirik.

– Layihənin hazırlanması zamanı hansı araşdırmalar aparılıb? İnternetdə çoxlu məlumat mənbələri olduğu halda, “Anacan”ın digər platformalardan əsas fərqi nədir?

– Layihəyə başlamazdan əvvəl həm yerli bazarı, həm də qadınların ehtiyaclarını dərindən araşdırdıq. Bizi fərqləndirən əsas cəhət yalnız məlumat portalı olmamağımızdır. “Anacan” tətbiqində qadınlar üçün müxtəlif funksiyaları bir araya gətirən 30-a yaxın rəqəmsal alət mövcuddur. Bunlara uşağın qidalanma və yuxu rejiminin izlənilməsi, inkişaf göstəricilərinin qeydə alınması, peyvənd təqvimi, dişçıxarma izləyicisi, sağlam reseptlər, interaktiv nağıllar və digər funksiyalar daxildir.

Həmçinin qadınların bir-biri ilə ünsiyyət qurması üçün “Cəmiyyət” bölməsi yaradılıb. Burada istifadəçilər analıq və hamiləlik dövründə qazandıqları təcrübələri paylaşaraq faydalı ünsiyyət mühiti formalaşdırırlar.

Bununla yanaşı, xüsusi RAG (axtarışla gücləndirilmiş generasiya) mexanizmindən istifadə edirik. Bu texnologiya müvafiq məlumatların axtarılmasına və cavabların həmin məlumatlar əsasında formalaşdırılmasına imkan verir. Platformada istifadəçilərin təqdim etdiyi məlumatlardan istifadə isə müvafiq icazə və məxfilik prinsipləri çərçivəsində həyata keçirilir.

– İstifadəçilərin məlumatlarının təhlükəsizliyi necə qorunur?

– Tibbi və fərdi məlumatların məxfiliyi bizim üçün əsas prioritetdir. Platforma bulud texnologiyaları və şifrələmə alqoritmləri əsasında qurulub. Məlumatların qorunmasına xüsusi diqqət yetirir, GDPR (Ümumi Məlumatların Qorunması Qaydası) və HIPAA (Sağlamlıq Sığortasının Daşınması və Hesabatlılığı haqqında Akt) kimi beynəlxalq çərçivələrin tələblərini nəzərə alırıq. Əsas məqsədimiz istifadəçilərin həssas hesab edilən fərdi və sağlamlıq məlumatlarını qorumaqdır.

Tətbiqdə məlumatların idarə olunmasına istifadəçilərin nəzarət etməsi prinsipinə üstünlük veririk. Məsələn, “Partnyor Modulu” vasitəsilə analar həssas məlumatları, uşağın inkişaf göstəricilərini və ortaq alış-veriş siyahılarını həyat yoldaşları ilə nəzarətli şəkildə paylaşa bilirlər.

– Layihənin qadınların sağlamlığı və maarifləndirilməsi sahəsində rolunu necə qiymətləndirirsiniz?

– “Anacan”ı həm də böyük maarifləndirmə missiyası kimi görürük. Qadın nə qədər sağlam və məlumatlı olarsa, gələcək nəsillərin də sağlam böyüməsi üçün bir o qədər əlverişli şərait yaranar.

Biz “qohum-qonşu məsləhəti” ilə yayılan, elmi əsaslara söykənməyən zərərli yanaşmaların qarşısını almağa çalışır, onların əvəzinə müasir tibbi biliklərə əsaslanan məlumatlar təqdim edirik. Analara vaxtında göndərilən ağıllı bildirişlər, o cümlədən peyvənd və vitamin qəbulu ilə bağlı xatırlatmalar da profilaktik səhiyyəyə töhfə vermək məqsədi daşıyır.

– Xarici bazarlara çıxış planlarınız varmı?

– Bəli, “Anacan” qlobal potensiala malik yerli məhsuldur. İlkin mərhələdə Azərbaycan bazarında mövqeyimizi möhkəmləndirdikdən sonra oxşar mədəniyyətə və ekosistemə malik qonşu ölkələrə, xüsusilə türkdilli dövlətlərə, Orta Asiya və MDB məkanına çıxmaq strateji yol xəritəmizin əsas istiqamətlərindən biridir.

– Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə “Anacan” gələcəkdə hansı yenilikləri təqdim etməyi planlaşdırır?

– Rəqəmsal innovasiyaları daim tətbiqimizə inteqrasiya edirik. Gələcək planlarımız arasında yerli həkimlərlə onlayn konsultasiyaları təmin edəcək teletibb modulunun yaradılması da var.

Uzunmüddətli inkişaf strategiyamızın mühüm mərhələlərindən biri də tətbiq daxilində inteqrasiya olunmuş elektron ticarət ekosisteminin qurulmasıdır. Bu yenilik sayəsində analar ehtiyaclarına uyğun ana və uşaq məhsullarını başqa platformalara keçid etmədən, birbaşa “Anacan” tətbiqi vasitəsilə təhlükəsiz və sürətli şəkildə sifariş edə biləcəklər.

– Rəqəmsal savadlılığın artırılmasına necə töhfə verirsiniz?

– Bəzən analar texnoloji alətlərdən istifadə etməkdə çətinlik çəkirlər. “Anacan” minimalist və intuitiv dizayn əsasında hazırlanıb. Tətbiqi elə qurmuşuq ki, texnologiyadan az istifadə edən insanlar belə asanlıqla qeydiyyatdan keçə və uşaqlarının inkişafını rəqəmsal şəkildə izləyə bilsinlər.

İnsanlar gündəlik ehtiyaclarını tətbiqimiz vasitəsilə qarşıladıqca rəqəmsal alətlərə inamları artır, texnoloji savadlılıqları da tədricən inkişaf edir.

– Sizcə, “Anacan” layihəsi Azərbaycan qadınlarının həyatında və cəmiyyətdə rolunun güclənməsində hansı dəyişikliklərə səbəb ola bilər?

– Ən böyük dəyişiklik anaların gündəlik qayğılarla bağlı zehni yükünün azalmasıdır. Ana uşaq baxımı ilə bağlı hər şeyi yadda saxlamağa məcbur olduqda bu, ciddi yorğunluq yaradır. Biz həmin yükün bir hissəsini rəqəmsal alətlər vasitəsilə azaltmağa çalışırıq.

Eyni zamanda, “Partnyor Modulu” vasitəsilə ataların da prosesə cəlb olunması ailədə məsuliyyətin daha bərabər bölüşdürülməsinə kömək edir. Dəqiq məlumatlarla dəstəklənən ana özünə daha çox güvənir. Bu isə onun cəmiyyətdəki və iş həyatındakı mövqeyinə müsbət təsir göstərə bilər.

– Layihənin startap kimi dəstəklənməsi sizin üçün nə ifadə edir və bu dəstək layihənin inkişafı üçün hansı imkanları yaradıb?

– “Startap” şəhadətnaməsinin verilməsi dövlətin innovativ sahibkarlığa və qadın təşəbbüslərinə verdiyi mühüm dəstəkdir. Bu şəhadətnamə bizə üç il müddətində müvafiq gəlir və mənfəət vergilərindən azadolma imkanından yararlanmağa şərait yaradıb.

Qənaət etdiyimiz resursları məhsulun texnoloji infrastrukturunun və elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (Ar-Ge) inkişafına, tətbiqdəki alətlərin təkmilləşdirilməsinə və beynəlxalq standartlara cavab verən məhsulun hazırlanmasına yönəldirik. Bu dəstək rəqabət qabiliyyətimizi artırmağa və inkişafımızı sürətləndirməyə kömək edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью