ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

12.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 avqust, AZƏRTAC

ASEAN Regional Minatəmizləmə Mərkəzi və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə İndoneziyanın Cakarta şəhərində “Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) regionunda humanitar minatəmizləmə fəaliyyəti üzrə informasiya idarəçiliyinin gücləndirilməsi” mövzusunda regional seminar keçirilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, avqustun 10-12-ni əhatə edən seminarın məqsədi humanitar minatəmizləmə sahəsində informasiya idarəçiliyi üzrə regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, texniki potensialın artırılması və məlumatların idarəolunması sahəsində təcrübə mübadiləsinin təşviq edilməsindən ibarətdir.

ANAMA-nın Keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov sözügedən seminarda ekspert məruzəçi qismində iştirak edir.

Bununla yanaşı, Agentliyin nümayəndəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı minatəmizləmə fəaliyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib.

Tədbirdə 11 dövləti əhatə edən ASEAN qurumunda müştərək informasiya mərkəzinin yaradılması üçün tövsiyə olaraq ölkəmizdə qəbul olunmuş "Minatəmizləmə fəaliyyəti haqqında" Qanun və "Minatəmizləməyə dair informasiya sistemi haqqında" Əsasnamənin yaratdığı imkanlar, həmçinin mövcud mərkəzləşdirilmiş institusional koordinasiya imkanları və uğurla tətbiq olunan Vahid İnformasiya Sistemi effektiv bir nümunə kimi təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью