Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 260” ünvanlı (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) ərazi partiya təşkilatına yeni üzv olan əməkdaşlara üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.
XQ xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, eləcə də ANAMA və YAP-ın rəsmi nümayəndələri iştirak edib.
Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə iclas iştirakçılarına məlumat verib. Partiyaya yeni üzvləri təbrik edən Vüqar Süleymanov, ANAMA əməkdaşlarının YAP sıralarına qoşulmasını yüksək qiymətləndirib. Onların dövlətçilik dəyərlərinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinə və ölkənin inkişaf strategiyasına sadiqliyinin göstəricisi olduğunu vurğulayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Yeni Azərbaycan Partiyasının inkişaf yolu və bu gün ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan danışıb. O qeyd edib ki, YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə daim yenilənən, güclənən və cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi qüvvədir. Vüsar İsmayılov partiyaya yeni üzv olan ANAMA əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və partiya sıralarında fəal olacaqlarına əminliyini ifadə edib.
Daha sonra partiyaya yeni qəbul olan ANAMA əməkdaşlarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
Tədbir çərçivəsində çıxış edən yeni üzvlər göstərilən etimada görə təşəkkürlərini bildirərək, YAP-ın məqsəd və prinsiplərinə daim sadiq qalacaqlarını, ölkəmizin inkişafı naminə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini vurğulayıblar.