Anar Əliyev DSMF nin 2026 cı il üçün gəlirlərini açıqladı

20.11.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət sosial müdafiə fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3% çoxdur.

Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edir.

Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla proqnozlaşdırılmışdır.

2026-cı ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş məbləğdən 100 milyon manat və ya 6,3% çoxdur.

Dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır.

Növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью