Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Azərbaycan Dillər Universitetinin (ADU) rektorunun müşaviri Anar Osmanlı Özbəkistan Respublikasında təşkil olunan V Beynəlxalq Sığorta, Bankçılıq və Maliyyə Simpoziumunda iştirak edib.
525 az xəbər verir ki, 6-7 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zomin rayonunda keçirilən beynəlxalq simpozium Almalıq Dövlət Texniki İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Müxtəlif ölkələrin ali təhsil müəssisələrinin nümayəndələrini, alimləri, tədqiqatçıları və maliyyə sahəsi üzrə mütəxəssisləri bir araya gətirən tədbirdə müasir iqtisadi çağırışlar, maliyyə sisteminin inkişaf perspektivləri, bankçılıq, sığorta, mühasibat uçotu və audit sahələrində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Simpoziumda çıxış edən Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri Anar Osmanlı iştirakçıları universitetin rektoru, akademik Kamal Abdullanın adından salamlayıb, tədbirin təşkilatçılarına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Anar Osmanlı çıxışında Azərbaycan və Özbəkistan arasında münasibətlərin ortaq tarixi köklərə, mədəni-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin dinamik inkişafı elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də mühüm imkanlar yaradır.
Rektorun müşaviri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı səsləndirdiyi fikirlərə xüsusi diqqət çəkib:
TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Anar Osmanlı bildirib ki, dövlət başçısının bu fikirləri Türk dünyasında birlik, həmrəylik və ortaq gələcək anlayışının mahiyyətini ifadə edir. Bu birliyin elm və təhsil sahəsində konkret layihələrə, ortaq tədqiqatlara və davamlı institusional əməkdaşlığa çevrilməsi xüsusi əhəmiyyət daşıyır.
Çıxış zamanı Azərbaycan–Özbəkistan qardaşlığının mühüm nümunələrindən biri kimi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan dövlət büdcəsi hesabına Füzuli şəhərində inşa edilən, görkəmli özbək alimi və mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin fəaliyyətinə də toxunulub.
Anar Osmanlı qeyd edib ki, işğaldan azad olunmuş Füzulidə belə bir təhsil müəssisəsinin inşa edilməsi Azərbaycan və Özbəkistan xalqları arasındakı sarsılmaz qardaşlığın, qarşılıqlı dəstəyin və həmrəyliyin parlaq təzahürüdür. Bu məktəb yalnız təhsil ocağı deyil, eyni zamanda iki xalqın ortaq gələcəyə inamının və dostluğunun rəmzidir.
“Bir məktəb inşa etmək, əslində, gələcəyi inşa etmək deməkdir. Füzulidə ucaldılan Mirzə Uluqbəy məktəbi Azərbaycan və Özbəkistan qardaşlığının gələcək nəsillərə ötürülən dəyərli nümunəsidir”, – deyə çıxışda vurğulanıb.
ADU-nun rektorunun müşaviri müasir dövrdə universitetlərin yalnız təhsil verən müəssisələr deyil, həm də yeni biliklərin formalaşdığı, innovativ ideyaların inkişaf etdiyi və beynəlxalq elmi əməkdaşlığın qurulduğu mühüm mərkəzlər olduğunu diqqətə çatdırıb.
O, Türk dövlətlərinin ali təhsil müəssisələri arasında birgə elmi tədqiqatların aparılması, akademik heyət və tələbə mübadiləsinin genişləndirilməsi, ortaq nəşrlərin hazırlanması və beynəlxalq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Simpozium çərçivəsində Türk dövlətləri arasında mühasibat uçotu və audit sahəsində institusional əməkdaşlığın inkişafına həsr olunmuş xüsusi panelə də diqqət yetirilib. Bu istiqamətdə elmi və peşəkar təcrübə mübadiləsinin gücləndirilməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib.
Anar Osmanlı çıxışının sonunda beynəlxalq simpoziumun təşkilatçılarına minnətdarlığını ifadə edərək tədbirin Türk dünyasında elmi əlaqələrin möhkəmlənməsinə, universitetlər arasında yeni tərəfdaşlıqların qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına xidmət edəcəyinə əminliyini bildirib.
Beynəlxalq simpozium Türk dövlətləri arasında akademik dialoqun genişləndirilməsi, elmi potensialın birləşdirilməsi və müxtəlif sahələrdə institusional əməkdaşlığın inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilib.