Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Android smartfonların işini tərtibatçı rejimində bəzi parametrləri dəyişməklə nəzərəçarpacaq dərəcədə sürətləndirmək mümkündür.
Redaktor.az xəbər verir ki, bu barədə “XDA” nəşri məlumat yayıb.
Yeni üsulu nəşrin jurnalisti Hemlin Rozario aşkar edib. Onun sözlərinə görə, Android-də animasiyaların sürətini artırmaqla cihazın interfeysinin daha sürətli işləməsini təmin etmək mümkündür. Bununla belə, animasiyaların əvvəlki qədər axıcı görünməyəcəyi bildirilir. Jurnalist bunu məqbul kompromis kimi qiymətləndirib.
Animasiya və keçidlərin daha sürətli göstərilməsi üçün əvvəlcə smartfonun “Parametrlər” bölməsinə daxil olmaq, daha sonra “Telefon haqqında” və “Proqram təminatı haqqında məlumat” bölmələrinə keçmək lazımdır. Bundan sonra “Build number” (Quruluş nömrəsi) seçiminə yeddi dəfə toxunmaqla tərtibatçı rejimini aktivləşdirmək mümkündür.
Daha sonra “Tərtibatçı seçimləri” bölməsində “Pəncərə animasiyasının miqyası”, “Keçid animasiyasının miqyası” və “Animasiya müddətinin miqyası” parametrlərini taparaq onların göstəricisini 1x-dən 0,5x-ə dəyişmək tövsiyə olunur.
“Əlbəttə, miqyası 0,5x-ə dəyişmək tətbiqlərin yüklənmə sürətini artırmayacaq. Lakin hər hansı əməliyyat etdikdə gözlədiyiniz qısa müddəti azaldacaq”, - deyə Hemlin Rozario bildirib.
Xədicə BAXIŞLI