Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“AnewZ” telekanalı Azərbaycan və Vatikan arasındakı münasibətlərə, eləcə də dini irsin qorunması üzrə birgə layihələrə həsr olunmuş “Sanctum: Azərbaycan və Müqəddəs Taxt” adlı sənədli film hazırlayıb.
Filmdə vurğulanır ki, Azərbaycan müxtəlif konfessiyalara aid dini ibadətgahların ayrı-seçkilik abidələri kimi deyil, harmonik birgəyaşayışın sübutları kimi qorunduğu nadir ölkə nümunəsidir. Məscidlər, kilsələr və sinaqoqlar burada müxtəlif mənəvi irsin bərabərhüquqlu simvolları kimi yer alıb.
Azərbaycan Katolik Kilsəsinin Apostolik prefekti yepiskop Vladimir Fekete burada təxminən 20 il yaşayır və ölkədə xüsusi bir tolerantlıq mühitinin olduğunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycandakı ümumi atmosfer və insanlar arasındakı münasibətlər çox isti, açıq və dostcadır.
Filmdə Vatikan Apostol Kitabxanası və arxivinin rəhbəri monsenyor Covanni Çezare Paqatsi qeyd edib ki, hər bir xalq və hər bir mədəni ənənə özünəməxsus intellekt formasına malikdir. Onun sözlərinə görə, bu mənada, Azərbaycan tədqiqatçılarının arxiv və kitabxana işinə verdiyi töhfə yalnız onların təklif edə biləcəyi xüsusi, unikal baxış yaradır. “Müqəddəs Arxeologiya üzrə Papa Komissiyasının Heydər Əliyev Fondu ilə əməkdaşlıq təcrübəsi çox müsbət olub. İlk növbədə, bu əməkdaşlıq uzun müddət davam edib, bu da bizə irsin qorunması üçün bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan verib”, - Müqəddəs Arxeologiya üzrə Papa Komissiyasının katibi Rafaella Culiani deyib.
Film göstərir ki, Azərbaycan və Vatikan arasında əməkdaşlıq təkcə diplomatiya üzərində yox, həm də etimad, hörmət və mənəvi irsin qorunması üçün birgə məsuliyyət üzərində qurulub. Müqəddəs yerlərin qorunması bəşəriyyətin ümumi yaddaşına töhfə kimi qəbul edilir, dinlərarası dialoq isə sərhədləri, dini etiqadları və siyasəti aşan dinc yaşayış modelini təsdiq edir.
Xatırladırıq ki, filmi telekanalın əməkdaşı İradə Həsənova hazırlayıb. Rejissor isə Bəhruz Qədirovdur.
XQ