Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ANEWZ TV-nin hazırladığı süjet Qarabağda münaqişə dövründə zərər görmüş mədəni irs abidələrinin vəziyyəti və UNESCO-nun bölgədə qiymətləndirmə missiyası həyata keçirə bilməməsi məsələsinə həsr olunub. Videoçarxda qeyd olunur ki, Azərbaycan uzun illərdir Qarabağda dağıdılmış tarixi, dini və mədəni abidələrin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün UNESCO-nu bölgəyə missiya göndərməyə çağırır.
Bununla yanaşı, UNESCO təşkilatın belə bir missiyasının həyata keçirilməsi üçün tərəflərin razılığının vacibliyini əsas gətirir. Süjetdə Azərbaycanın rəsmi məlumatlarına istinad edilərək işğal dövründə səkkiz şəhərin, yüzlərlə yaşayış məntəqəsinin, çoxsaylı tarixi və dini abidələrin, muzeylərin və mədəni sərvətlərin dağıntıya məruz qaldığı vurğulanır.
Həmçinin bildirilir ki, 2020-ci il Vətən müharibəsindən əvvəl və sonra bu məsələ ilə bağlı müzakirələr aparılsa da, UNESCO tərəfindən indiyədək hərtərəfli beynəlxalq qiymətləndirmə missiyası reallaşdırılmayıb. Süjet mövzu ilə bağlı mövcud vəziyyəti, tərəflərin mövqelərini və mədəni irsin qorunmasının beynəlxalq əhəmiyyətini diqqətə çatdırır.
XQ