Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Berlin, 12 fevral, AZƏRTAC
Almaniyanın sabiq Kansleri Angela Merkel Federal Prezident vəzifəsinə 2027-ci ildə keçiriləcək seçkilərdə namizəd olacağı barədə iddiaları təkzib edib.
AZƏRTAC xəbər verir ki, sabiq Kanslerin ofisi “Tagesspiegel” qəzetinin bu barədə sorğusuna cavabında yayılan məlumatların əsassız olduğunu bildirib.
Almaniyanın hazırkı Prezidenti Frank-Valter Ştaynmayerin səlahiyyət müddəti 2027-ci il martın 18-də başa çatacaq. Konstitusiyaya əsasən, yeni Prezident bundan ən azı 30 gün əvvəl seçilməlidir. Bunun üçün son tarix 2027-ci il fevralın 16-na təsadüf edir.
Qeyd edək ki, Almaniyada ilk qadın Prezidentin seçilməsi ilə bağlı çağırışlar vaxtaşırı gündəmə gətirilir. Ölkədə indiyədək heç bir Kansler vəzifədən getdikdən sonra Federal Prezident postunu tutmayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin