Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın “Bavariya” futbol komandasının baş məşqçisi Vensan Kompani ölkənin sabiq kansleri Angela Merkeldən dəstək alıb.
İdman.Biz xəbər verir ki, Merkel “MagentaTV” telekanalına açıqlamasında belçikalı mütəxəssisin fəaliyyətini yüksək qiymətləndirib və onunla işləmək istədiyini bildirib.
“Vensan Kompaninin işinə, eləcə də ayrı-seçkilik və bir çox başqa məsələlərlə bağlı qətiyyətli mövqeyinə böyük hörmət bəsləyirəm. Təsəvvür edirəm ki, futbolçu olsaydım, məhz belə bir məşqçi ilə işləmək istəyərdim”, - deyə Merkel bildirib.
Sabiq kansler məşqçinin səhhətində yaranan problemlə bağlı da danışıb:
“Baş verənləri eşidəndə çox kədərləndim. Ona tezliklə sağalmasını və tam bərpa olunmaq üçün kifayət qədər vaxt ayıra biləcəyi şərait arzulayıram. Mən də bəzən fasilə verməyin nə qədər vacib olduğunu bilirəm”.
Merkel Kompaninin sağlamlıq problemini 2019-cu ildə özünün yaşadığı hadisə ilə müqayisə edib.
“Vensan Kompani evdə qalmağa könüllü qərar verməyib. Orqanizminin nəhayət “Dayan!” siqnalını verməsi üçün müəyyən hadisə baş verməli idi. Mənimlə də eyni şey yaşanıb. 2019-cu ildə hərbi mərasim zamanı titrəməyə başladığım an, ehtimal ki, anamın ölümü və ya kansler vəzifəsindən ayrılacağımı bilməyim səbəbindən yığılan gərginliyin nəticəsi idi. Belə məqamlarda orqanizm siqnallar göndərir və bu, insani baxımdan çox vacibdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Kompani “Bavariya”nın ikinci komandasının məşqi zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib. Həkimlər onda beyin qişalarının qıcıqlanması diaqnozunu müəyyən ediblər. Mütəxəssis oktyabrın 29-da xəstəxanadan buraxılıb və ona istirahət tövsiyə olunub.