Ani “tormoz” qəzaya səbəb olursa, günahkar kimdir?

27.01.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yollarda tez-tez rast gəlinən təhlükəli hallardan biri də sürücülərin heç bir real maneə olmadan qəfil əyləcə basması və arxadakı avtomobili çətin vəziyyətə salmasıdır. Belə situasiyalar bəzən yol-nəqliyyat hadisələrinə, maddi ziyana və hətta insan tələfatına səbəb olur. Maraqlıdır, qanunvericilikdə əsassız qəfil əyləcə basmaq və gözlənilmədən, eləcə də arxadakı nəqliyyat vasitələrini nəzərə almadan avtomobili dayandırmaq necə qiymətləndirilir və belə hallarda məsuliyyət kimin üzərinə düşür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov sürücülərin bilməli olduğu mühüm hüquqi məqamları izah edib.

– Müşfiq bəy, qanunvericiliyə əsasən sürücünün heç bir real təhlükə olmadan qəfil əyləcə basması pozuntu sayılırmı?

– Birbaşa “əsassız qəfil tormozlama” ifadəsi ilə konkret maddə qanunvericilikdə göstərilməsə də, bu cür davranış ümumilikdə yol hərəkəti təhlükəsizliyinə zidd hesab olunur. Əsassız şəkildə əyləcdən istifadə etmək nəticəsində baş verən hadisələr sürücünü həm inzibati, həm mülki, həm də bəzi hallarda cinayət məsuliyyətinə cəlb edə bilər.

– Bu cür tormozlama nəticəsində maddi və ya fiziki zərər dəyərsə, məsuliyyət necə müəyyən olunur?

– Əgər əsassız tormozlama nəticəsində digər avtomobilə və ya əmlaka ziyan dəyibsə, bu, mülki məsuliyyət yaradır və zərər ödənilməlidir. Əgər qarşı tərəfə yüngül xəsarət yetirilibsə, bu, inzibati məsuliyyətə səbəb olur. Lakin ağır bədən xəsarəti baş verərsə, artıq cinayət məsuliyyəti yaranır və hüquqi nəticələr daha ağır olur.

– Əgər ön avtomobil səbəbsiz “tormoz” veribsə və arxadakı sürücü öndəki maşına çırpılıbsa, bu hal necə qiymətləndirilir?

– Belə hallarda məsuliyyət avtomatik olaraq yalnız arxadakı sürücünün üzərinə düşmür. Arxadan gələn avtomobil sürücüsü məsafəni qorumağa borcludur. Lakin eyni zamanda ön avtomobilin əsassız tormozlaması da təhlükəli hərəkət sayılır. Bu səbəbdən inzibati orqan hadisəni araşdıraraq hər iki sürücünün təqsir dərəcəsini müəyyən edə bilər. Yəni bəzən qərar belə olur ki, hər iki tərəfin günahı var.

– Belə hadisələr zamanı sübutlar necə toplanır?

– Məsələ bir neçə vasitə ilə araşdırılır:
• Şahid ifadələri
• Hər iki sürücünün izahatı
• Video və yol kameralarının görüntüləri
• Hadisə yerinə baxışın nəticələri

Bütün bu sübutlar əsasında inzibati orqan təqsirin kimdə olduğunu müəyyən edir.

– Sürücü günahın ona yanlış şəkildə yükləndiyini düşünərsə, hüquqlarını necə qoruya bilər?

– Əgər inzibati orqan tərəfindən çıxarılan qərarla sürücü razı deyilsə, onun məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə müvafiq qurumdan sənədləri tələb edir, araşdırma aparır və qərarın qanuni olub-olmamasına hüquqi qiymət verir. Bu, sürücülərin əsas hüquqi etiraz mexanizmidir. Ona görə də, sürücülər çalışmalıdırlar ki, əsassız tormozlamadan istifadə etməsinlər. Bu, təkcə hüquqi məsuliyyət yaratmır, həm də ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Eyni zamanda arxadakı sürücülər də təhlükəsiz ara məsafəsini qorumağa borcludurlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью