Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək

17.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Antalya, 17 noyabr, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi və Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində dahi Azərbaycan şairi, Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunan “Nizami” simfoniyası təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 18-də Ankara Dövlət Konservatoriyasının Beytepe şəhərciyindəki Böyük Konsert salonunda keçiriləcək proqramda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyası ifa olunacaq. Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında təqdim ediləcək əsərə professor Burak Tüzün dirijorluq edəcək.

1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstələnmiş “Nizami” simfoniyası dahi şairin zəngin poetik və fəlsəfi dünyasının, düşüncə dərinliyinin və mənəvi-estetik dəyərlərinin musiqi dili ilə ifadəsidir. Əsər Azərbaycan milli musiqi ənənələrinin klassik simfonik musiqi ilə vəhdətinin parlaq nümunələrindən biridir.

Konsert proqramı çərçivəsində Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun yaradıcılıq irsi və musiqi mədəniyyətinə verdiyi töhfələr də diqqətə çatdırılacaq.

Layihənin əsas məqsədi Azərbaycan klassik musiqisinin, ədəbi-mədəni irsimizin təbliğidir.

Konsert proqramında musiqisevərlər, musiqi ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью