Ankara İrəvan münasibətlərində Vaşinqton “küləyi”: Hər şey dəyişəcək?

05.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanla Türkiyə arasında əməkdaşlığın qurulmasına dair son zamanlar hər iki tərəfdən verilən açıqlamalar tərəflərin münasibətlərin normallaşmaya xeyli yaxınlaşdığını göstərir.

Bununla bağlı Ermənistanın xartici işlər naziri Ararat Mirzoyanın söylədiyi fikirlər diqqəti cəlb edir. Son zamanlar nazir iki dəfə Ermənistanla Türkiyə arasında sərhədlərin hər an açıla biləcəyindən və birbaşa ticarətin bərpasının mümkünlüyündən danışıb. Mirzoyan etiraf edib ki, hazırda sərhədlər bağlı qalsa da, hər an açıla və diplomatik münasibətlərin qurulması baş verə bilər.

Lakin xarici təsirlərin daim Ermənistan-Türkiyə münasibətlərinə ciddi təsir göstərdiyini nəzərə alsaq, prosesin heç də Ararat Mirzoyanın bəyan etdiyi kimi gedəcəyini demək olmaz. Bu baxımdan, ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının böyük fərqlə qələbəsi Ankara və İrəvan arasında normallaşma prosesinə irəliləyiş vəd etmir. 

Əksinə, ABŞ-dəki erməni diasporu, eləcə də Demokratlar Partiyasından Nümayəndələr Palatasına və Senata seçilmiş erməni lobbisinin nümayəndələri çox güman ki, Türkiyəyə qarşı aktiv fəaliyyətə başlayacaqlar. Co Baydenin prezidentlikdən getməsi və respublikaçıların Konqresin hər iki palatasında üstünlüyü ələ alması ABŞ isteblişmentində ermənipərəst qüvvələrin mövqeyini xeyli zəiflətmişdi. 

Bu da öz növbəsində Ermənistanın həm Azərbaycanla sülh prosesində, həm də Türkiyə danışıqlarda manipulyasiya imkanlarının itirilməsi ilə müşahidə olundu. Nəticədə, Ermənistan Azərbaycanla sülh müqaviləsinin paraflanmasına və Zəngəzur dəhlizinin açılmasına dair sənədləri imzalamalı oldu.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə rəsmi səfəri, tərəflər arasında ticarət əməliyyatları zamanı üçüncü ölkə vasitəsilə gömrük rəsmiləşdirməsinin ləğvinə dair razılaşma, Ermənistanın sərhəd buraxılış məntəqələrindəki möhürlərdən və biometrik pasportlarlardan Ağrı dağının təsvirinin çıxarılması xaricdən pozucu təsirlərin aradan qalxmasının nəticəsi idi. 

Lakin indi demokratların ABŞ-dəki aralıq seçkilərdə qələbəsi Türkiyəyə qarşı qondarma soyqırım ittihamlarını yenidən gündəmə gətirə bilər. Əvvəllər olduğu kimi, anti-Türkiyə ritorikası demokratların Ermənistan siyasətində üstünlük təşkil edəcək. Bu isə Ankaranın Ermənistanla münasibətlərin normallaşması prosesində “soyqırım” ifadəsini və Türkiyəyə qarşı ərazi iddialarını konstitusiyadan çıxartmaq üçün əsas şərtlər kimi irəli sürməsinə səbəb ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью