Ankara və Bakının növbəti birgə mesajı

17.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə XİN rəhbərinin ölkəmizə səfərinə sözardı

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana iki gün əvvəlki səfəri böyük əhəmiyyyətə malikdir. Səfərin əsas məqamını cənab Fidan özü vurğuladı. O dedi ki, ölkəmizə gəlişi Bakının türk ordusu tərəfindən işğaldan azad olunmasının növbəti ildönümünə təsadüf edir: “Bugünkü səfərin mühüm bir tarixi əhəmiyyəti də var. Bu gün Bakı şəhərinin azad edilməsinin 108-ci ildönümüdür”.

Prezident İlham Əliyevin Türkiyə XİN rəhbəri ilə görüşündə, eyni zamanda, ölkəmizin Xarici işlər naziri Ceyhun Bayramovun H.Fidanla birgə mətbuat konfransında Bakı-Ankara əməkdaşlığının, çoxşaxəli münasibətlər xəttinin ən müxtəlif tərəfləri diqqətə çatdırıldı. Həm tarixi qardaşlıq bağı, həm də müasir strateji nüanslar önə çəkildi. Məsələn, bildirildi ki, Azərbaycan COP-31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir. Eyni zamanda, qeyd edildi ki, Bakı ilə Ankara arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub. Qardaş ölkənin Azərbaycana yatırdığı investisiyaların həcminin 18 milyard dollara çatmasından məmnunluq da ifadə edildi.

Həmçinin H.Fidan dedi ki, “Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız var gücü ilə çalışır”. Nazir onu da bildirdi ki, Ankara ilə Bakı arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq münasibətlərin digər strateji istiqamətini təşkil edir və bu sahədə hazırda çoxsaylı layihələr həyata keçirilir. Ən başlıcası, Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir.

Ümumiləşdirmə aparsaq, deyə bilərik ki, Türkiyə XİN rəhbərinin Azərbaycana səfəri və səfər gedişində verilmiş bəyanatlarda, belə demək mümkünsə, gələcəyi tezləşdirmək əzmi duyuldu. O gələcək ki, bütövlükdə regionun həyatında mühüm hadisələrlə yadda qalacağına müstəsna inam var. O gələcək ki, əsasını Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Zəfərdən götürür. O gələcək ki, ölkəmizin formalaşdırdığı reallıqdır və bu reallıq Türkiyənin dövlət maraqları ilə uzlaşır. Türkiyənin dövlət maraqları isə Azərbaycanın dövlət maraqları ilə həmahəng xassəyə malikdir.

Bəli, Bakıdan dünyaya Azərbaycan-Türkiyə ortaq maraqlarının birgə mesajı verildi. Bildirildi ki, hər iki ölkə Orta Dəhlizin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Bu layihə Türkiyəni Xəzər dənizi vasitəsilə Türk dünyası ilə birləşdirir. H.Fidan həm də hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı: “2029-cu ilin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi mümkün olacaq”.

Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi. Hər halda, bu deyimin böyük mənəvi anlam daşıdığının izahını verməyə ehtiyac yoxdur. Amma Azərbaycandan Türkiyəyə qatarların yol alması təkcə Bakı və Ankaranın istəyi deyil. Bütövlükdə, dünya bu gedişatda maraqlıdır. Maraq isə ifadəsini Azərbaycan və Ermənistan liderlərinin ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə tapır. Daha doğrusu, sənədin “Tramp marşrutu”, yaxud qısaca, TRIPP məntiqində.

Deməli, C.Bayramov H.Fidanla mətbuat konfransında 224 kilometrlik ərazidə konkret işlərin görüldüyünü, Azərbaycanın əsas hissəsindən yeni nəqliyyat infrastrukturunun yaradılması istiqamətində tədbirlərin sürətlə davam etdirildiyini heç də əbəs yerə vurğulamır. Ölkəmizin XİN rəhbəri bu fikirləri ilə də mesaj verir: “Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb. Dəmir yolunun icra səviyyəsi isə təxminən 75 faiz təşkil edir. Hər iki layihənin Azərbaycanın əsas hissəsində 2027-ci ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur”.

Yəni Azərbaycan TRIPP naminə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Türkiyə də regional kommunikasiyaların yeni düzəninə hazırlıq işlərini davam etdirməkdədir və bu da onun öhdəliklərinə məsuliyyətli yanaşdığının göstəricisidir. Qalır digər məsuliyyətli tərəflərin işlərinə düzgün və ardıcıl yanaşmaları. Söhbət, böyük ölçüdə, Ermənistandan gedir. Daha böyük anlamda isə İrəvana TRIPP-in reallaşması istiqamətində dəstək göstərməli olan ABŞ nəzərdə tutulur.

TRIPP Orta Dəhliz baxımından mühüm mərhələdir. Məlum olduğu kimi, açıq rəsmi məlumatlara görə, ABŞ–Ermənistan əməkdaşlığında TRIPP artıq yalnız siyasi təşəbbüs mərhələsində deyil, hüquqi-institusional və texniki icra mərhələsinə keçib. Bununla yanaşı, layihənin faktiki fəaliyyətə başlaması üçün Ermənistan daxilində ratifikasiya və TRIPP şirkətinin yaradılması kimi prosedurlar hələ tamamlanmayıb. Başqa sözlə desək, TRIPP hələ fiziki olaraq işləyən nəqliyyat dəhlizi deyil.

Azərbaycan və Türkiyə rəsmiləri tərəfindən verilən bəyanatları gələcəyi tezləşdirmək əzmi kimi qəbul etsək, ölkələrin birgə mesajı TRIPP, böyük ölçüdə isə Orta Dəhliz naminə işləri sürətləndirmək çağırışıdır. Çağırışın Bakıdan səslənməsində də xüsusi məna var. 1918-ci ilin 15 sentyabr tarixində işğaldan qurtulan Bakı bu gün regional gündəmin diktə məkanıdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью