Ankarada “Azərbaycan Evi” böyük maraqla qarşılanıb

16.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara şəhərində, Türkiyə Respublikası Prezident Administrasiyasının Beştəpə Millət Parkı ərazisində yerləşən və yaxın günlərdə açılışı baş tutan Türk Dövlətləri Mədəniyyətlər Parkındakı “Azərbaycan Evi” ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, Türk dünyasının ortaq mədəni irsinin və dəyərlərinin təbliği məqsədilə yaradılmış Mədəniyyətlər Parkında türk dövlətlərinin hər birini təmsil edən milli çadırlar – Milli Evlər qurulub, onların qarşısında isə müvafiq ölkələrin mədəni irsini əks etdirən abidələr ucaldılıb.

Park ərazisində “Azərbaycan Evi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi əsasında, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə inşa edilib.

“Azərbaycan Evi” XII əsrin dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsinə və anadan olmasının 900 illik yubileyinə həsr edilərək, onun memarlıq şah əsərlərindən biri olan Möminə xatun türbəsinin üslubu, naxışları və zərif bəzək elementləri əsasında səkkizguşəli ulduz formasında yaradılıb.

Azərbaycan Evində yaradılmış səkkiz məlumat guşəsinin hər birində ölkəmizin zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı, xalçaçılıq sənəti, eləcə də Qobustan, Şuşa və digər mədəni dəyərlərimiz əks olunub. Elektron ekranlar və xüsusi rəqəmsal proqramlar vasitəsilə Azərbaycanın xəritəsi üzərində tarixi abidələrimiz, habelə milli musiqimiz və mədəni irsimiz haqqında interaktiv təqdimatlar nümayiş etdirilir.

Azərbaycan Evinin diqqətçəkən elementlərindən biri də Azərbaycanın və bütövlükdə Türk dünyasının zəngin musiqi irsini təcəssüm etdirən milli musiqi alətlərindən ibarət instalyasiyadır. Bu kompozisiya ziyarətçilərə ortaq musiqi və mədəni dəyərlərimizi vizual-estetik formada təqdim edərək xüsusi maraq doğurur.

Azərbaycan Evinin qarşısında ucaldılmış “Sonsuzluğun Simfoniyası” adlı monumental kompozisiya da məkanın bədii-estetik bütövlüyünü tamamlayır.

Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevin müəllifi olduğu əsər zəngin mədəni irsimizi, milli kimliyimizi, və tarixi yaddaşımızın əbədiliyini simvolizə edir. Buta, alov, Xəzər dalğaları və DNT-nin qoşa spiralından ilhamlanan formaları özündə birləşdirən kompozisiya keçmişlə gələcək, Şərqlə Qərb arasında mənəvi və mədəni körpü ideyasını ifadə edir.

“Azərbaycan Evi” Ankara sakinlərinin və şəhərin qonaqlarının ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olması üçün mühüm tanıtım məkanına çevrilib.

Qeyd edək ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Həftəsonu – Bazar günü” layihəsi çərçivəsində müxtəlif universitetlərin, tələbə və gənclər təşkilatlarının, eləcə də könüllü qruplarının iştirakı ilə burada mütəmadi olaraq tanıtım proqramları, mədəni tədbirlər, görüşlər və ekskursiyalar təşkil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью