Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Krım tatarı jurnalist və hüquq müdafiəçisi Lüftiye Zudiyeva Şefika Qasprinskinin adını daşıyan insan hüquqları mükafatının laureatı olub.
Bizim.Media xəbər verir ki, Türkiyənin Təhsil Nazirliyinin məlumatına görə, beynəlxalq mükafatın təqdimetmə mərasimi Ankarada keçirilib.
Krım Tatar Xalq Məclisinin üzvü Qayana Yükselin sözlərinə görə, mükafatın təşkilatçıları Zudiyevanı əvvəlcədən məlumatlandırmadan onun namizədliyini irəli sürüb və mükafatlandırmaq barədə müstəqil qərar qəbul ediblər. Bununla onlar ilhaq edilmiş Krımda insan hüquqlarının pozulmasına diqqət çəkmək istəyiblər.
“Bizim üçün Lüftiye Zudiyeva işğal şəraitində Krım tatarı qadınlarının fəaliyyətini nümayiş etdirən ümumiləşdirilmiş obrazdır”, – deyə Yüksel bildirib.
Lüftiye Zudiyeva Krım fəallarının təqibini, siyasi məhbuslar barəsində məhkəmə proseslərini və yarımadada insan hüquqlarının pozulması hallarını işıqlandırır.
O, Rusiya hüquq-mühafizə orqanlarının dəfələrlə təzyiqlərinə məruz qalıb. 2025-ci ilin mayında isə Rusiya Ədliyyə Nazirliyi onu “xarici agentlər” reyestrinə daxil edib.
Bizim.Media