Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 21-də Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar.
YÖK sədri Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, elm və təhsil sahələrində əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
O, Azərbaycana səfərini və bu çərçivədə “Qarabağ bölgəsinin azadlığının və bərpasının rəmzlərindən biri” adlandırdığı Qarabağ Universitetində keçirdiyi görüşləri xatırladıb.
YÖK rəhbəri əlavə edib: “Qarabağ Universiteti bütün region üçün yeni ilhamverici mərkəzdir.
Bunun əyani göstəricisi ali təhsil ocağında yeni şöbələrin və fakültələrin, xüsusən Tibb fakültəsinin açılmasıdır”.
O, Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib.