Ankaradan radikal şüarlar niyə ucaldıldı? DETALLAR

14.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ankarada Azərbaycan səfirliyinin qarşısında “hicab qadağası” iddiası ilə aksiya keçirilib. Aksiyada açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlar olub.

Aksiyada “Başörtüsü Allahın əmridir!”, “Hicab Allahın əmridir!” şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə “Köklü Değişim” platformasının simvolları da nümayiş etdirilib. Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Bəs Ankarada keçirilən bu aksiya kimin və ya kimlərin maraqlarına xidmət edir? Radikal qrupun çıxışı hansı nəticələrə səbəb ola bilərmi?

Mövzu ilə bağlı deputat Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ankarada Azərbaycan səfirliyi qarşısında hicab qadağası iddiası ilə aksiya keçirənlər "bir millət, iki dövlət" prinsipinin əleyhdarlarıdır. 

Onun sözlərinə görə, həmin şəxslər Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu həzm edə bilmirlər. Onlar hər dəfə çalışırlar ki, iki müttəfiq arasında təfriqə salsınlar:

"Bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlətlərik. Bir-birimizin daxili işlərinə heç bir zaman qarışmamışıq, əksinə bir-birimizin çətin günlərində qardaşlıq köməyi, dəstəyini göstərmişik. Bütün bu reallıqlar fonunda indi Ankarada baş verənlər, hicab qadağası iddiası ilə aksiyalar keçirənlər, aksiyada "baş örtüsü Allahın əmridir, hicab Allahın əmridir" şüarlarını səsləndirənlər Azərbaycanın daxili işlərinə qarışırlar. Biz, bəli, bir millətik, amma ikimiz də müxtəlif dövlətik, və Azərbaycanın öz qanunları var. Azərbaycanın qanunları ölkənin vətəndaşları üçün hüquqi qüvvəyə malikdir". 

Deputat vurğulayıb ki, həmin o aksiyanı keçirənlər Azərbaycanın dünyəvi dövlət olduğunu unutmasınlar. 

"Konstitusiyamızın 18-ci maddəsində də yazılıb ki, din və dövlət bir-birindən ayrıdır. Dövlət müəssisələri və təhsil müəssisələri dünyəvi fəaliyyət göstərir. Qanun hər şeyin fövqündə dayanır, heç kim qanunun fövqünə yüksələ bilməz. Hesab edirəm ki, belə cəhdlərin, addımların heç bir mənası yoxdur və qardaşlığımıza, dostluğumuza kölgə salan addımlardır. Biz heç bir zaman Türkiyənin daxili işlərinə qarışmamışıq, amma çətin anda onun yanında olmuşuq, dəstəkləmişik və Türkiyədən də eyni münasibəti görmüşük. İndi nə baş verdi? İndi nələr oldu?  İndi Azərbaycanda yaşanan bu hadisələr bizim daxili işimizdir və hər şey hüquq çərçivəsində həllini tapır", - deyə müsahibimiz əlavə edib.

Deputat Elman Nəsirov

E.Nəsirov qeyd edib ki, Azərbaycanda heç kim hicabı qadağa etmir. Söhbət yalnız dövlət təhsil müəssisələrindən gedir ki, orada vahid geyim tətbiq edilir və bu da bərabərlik prinsipinə söykənir:

"Heç kim Azərbaycanı İslam dininin əleyhinə fəaliyyətdə ittiham edə bilməz. Azərbaycan prezidenti İlham Əliyev yeganə müsəlman dövlət başçısı və siyasi lideridir ki, 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili" elan etdi. Həmin il Azərbaycan dördüncü İslam həmrəyliyi oyunlarına ev sahibliyi etdi. Azərbaycan gələn il İslam Həmrəyliyi Təşkilatının zirvə görüşünə ev sahibliyi edəcək. Azərbaycan dünyada müsəlman birliyinin əmələ gəlməsi üçün böyük töhfələr verir. İşğaldan azad olunmuş torpaqlarımızı ilk bərpa olunan abidə Cəbrayılda ermənilərin dağıtdığı məsciddir. Ölkəmizdə 2389 məscid fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərimizdəki ermənilərin dağıtdığı bütün məscidlər bərpa olunmaqdadır".

Deputat bildirib ki, Azərbaycan multikultural dövlətdir. Azərbaycanda şiələr və sünnilər vəhdət namazı qılırlar. Biz bir ailə kimi yaşayırıq. Azərbaycanın dini və etnik zəmində heç bir toqquşma olmayıb, ola da bilməz. Belə olan vəziyyətdə vahid geyim forması ilə bağlı məsələyə siyasi don geyindirmək, onu dini müstəviyə yüksəltmək təxribatdan başqa bir şey deyil. Bu təxribata uyanlar da hüquqi müstəvidə öz cəzalarını alıblar, bundan sonra da alacaqlar.   

"Hesab edirəm ki, Ankarada keçirilən bu aksiya kiminsə maraqlarına xidmət edir. Bu radikal qruplar idarə olunur. Bu radikal qrupların arxasında anti-Azərbaycan dairələr dayanır. Və onlar hər vəchlə maraqlıdırlar ki, Azərbaycandakı bu səfərbər olunmuş cəmiyyət, xalq-hakimiyyət birliyi, vətəndaş həmrəyliyi dağılsın. Bu birliyin pozulmasına cəhd edirlər, amma arzuları gözlərində qalacaq.  Azərbaycan güclü dövlətdir, onun lideri, dövlət, ordusu və xalqı güclüdür. Və bu gün Azərbaycanda böyük bir birlik hökm sürür. Ona görə də belə cəhdlər uğursuzdur, heç bir nəticəsi olmayacaq, pislik gözlərində qalacaq. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu isə sarsılmazdır. Kimlər bizim bu dostluğumuzun və qardaşlığımızın arasına gələcəksə, orada da sıxılıb elə can verəcək", - deyə deputat qeyd edib. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью