“Ankoric formulu” müharibəni sülhə çevirə bilər

23.01.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Rusiya Prezidenti Vladimir Putinin Donald Trampın xüsusi nümayəndələri ilə apardığı dörd saatlıq müzakirə diplomatik protokoldan kənar, münaqişənin həllində “strateji sıçrayış” nöqtəsi kimi qiymətləndirilə bilər”.

Bu fikirləri politoloq Tural İsmayılov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

T. İsmayılovun sözlərinə görə, görüşün əhəmiyyəti təkcə tərəflərin bir araya gəlməsində deyil, həm də müzakirə masasına qoyulan konkret mexanizmlərdə - xüsusən də Əbu-Dabidə fəaliyyətə başlayan üçtərəfli işçi qrupu və “Sülh Şurası” modelindədir:

“Yuri Uşakovun “etimada əsaslanan söhbət”ifadəsi göstərir ki, Moskva Tramp administrasiyasının Cared Kuşner və Stiv Uitkoff kimi qeyri-formal, lakin təsirli fiqurlar vasitəsilə apardığı biznes-tipli diplomatiyaya yaşıl işıq yandırıb. Dörd saatlıq görüş tərəflərin sadəcə ümumi prinsipləri deyil, xəritələr üzərindəki demarkasiya xətlərindən tutmuş, dondurulmuş aktivlərin ‘Sülh Şurası’ vasitəsilə iqtisadi reabilitasiyasına qədər ən həssas detalları müzakirə etdiyini göstərir.
Görüşü real dönüş nöqtəsinə çevirən əsas amil “Ankoric formulu”nun gündəmə gəlməsidir. Əgər tərəflər dondurulmuş 1 milyard dolların sülh quruculuğuna yönəldilməsi və ərazi məsələlərində 90 faiz razılıq bəyanatları üzərində uzlaşırlarsa, bu, son üç ildə davam edən hərbi eskalasiyanın diplomatik bir qələbə ilə əvəzlənməsi deməkdir. Trampın nümayəndələrinin həm Kiyev, həm də Moskva ilə paralel apardığı intensiv dialoq göstərir ki, Vaşinqton artıq “müharibəni idarə etmək” mərhələsindən “müharibəni bitirmək” mərhələsinə keçib”.

Politoloq yekun olaraq bildirib ki, bu dörd saatlıq görüş Rusiya–ABŞ münasibətlərində buzların əriməsindən daha çox, yeni bir qlobal təhlükəsizlik arxitekturasının təməli sayıla bilər: “Əbu-Dabi platformasının rəsmiləşməsi və Rusiyanın hərbi elitasının bu prosesə cəlb olunması, prosesin artıq geri dönməz xarakter aldığını göstərir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью