Anlamaq dərdini anlamaq səadətinə çevirən ADAM!!! 

26.01.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Demə ki, bir ətsən, bir də ki, qansan,

Qüdrətin böyükdür, çünki insansan. 

Səməd Vurğun insan ucalığını belə qiymətləndirirdi. Əlbəttə haqlı idi. Axı yer üzünün əşrəfi insandır. Bəzən Tanrının bütöv yaratdığı insanın mənəvi boşluqları dünyanın nizamını pozur. Hətta Tanrının özünü də məyus etmiş olur. Ali varlığın ağılla yox, ibtidai canlı kimi instinklə hərəkət etməsi dərddən başqa bir iş deyildir. Bütün bu dərdin kökündə isə anlamaq qabiliyyətinin zəifliyi, qanmaq - qandırmaq hissinin ərşə çəkilməsi və haqdan uzaqlaşmaq dayanır.

Bir-birinə sinonim olan anlamaq və qanmaq sözlərinin dərin mahiyyətini təəssüf ki, az adam dərk edə bilir. Atalarımızın "Az qanan həkim can düşmənidir" — fikirləri bütün dönəmlərin, cəmiyyətlərin ən aktual problemi olaraq qalır. Ancaq Anton Çexovun "6 nömrəli palata" əsərinin baş qəhrəmanı həkim Andrey Yefimıç az qanmırdı. Əksinə, həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür sahibi, ağıllı və müdrik insan, savadlı həkim idi. Fəqət səd heyif ki, sonda "Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz dərk etməkdir", — deyən Andrey Yefimıç anlamaq və qanmaq qabiliyyəti zəif olan qaba cəmiyyətin "qurbanı" oldu.

Düşünürəm ki, "6 nömrəli palata" əsərindəki həkim Yefimıç məhz Anton Çexovun özüdür. Yazıçı əsərdəki Yefimıç obrazında özünü canlandırıb (şəxsi düşüncəmdir). Yefimıç xəstələri təpədən-dırnağa qədər müalicə etsə də, ancaq cəmiyyətin — insanların anlamaq xəstəliyinin qarşısında aciz hala düşüb, əbədi və mənəvi olaraq dünya işığına gözlərini yumdu. Bu əsəri oxuduqdan sonra daxilimdə sual doğur: Görəsən, "6 nömrəli palata" əsərini Argentina yazıçısı Xorxe Luis Borxes yazsaydı necə, o da öz qəhrəmanını qaba və anlamaq hissindən uzaq cəmiyyət qarşısında təslim edərdi?.. Bu yanaşmama görə məni qınamayın. Bildiyimiz kimi, Borxes ömrünün yarıdan çoxunu dünya işığına kor baxıb. Ancaq yazıçı həyatdakı mübarizəsini davam etdirərək, anlamaq və anlatmaq missiyasını çətinliklə də olsa davam etdirmişdir.

Bizdə də bu ənənə davam edirdi. 60-cı illərdə Rəsul Rza "Qınamayın İskəndəri" şeirində:

Qınamayın İskəndəri!

Yaman olur anlamaq dərdi — deyirdi.

Sonrakı illərdə isə böyük yazıçı Anarın "Anlamaq dərdi" əsərini milli ruhlu hər kəs anladı... Bircə milli ruhsuzlardan savayı.

Anlamaq dərdini ziyalılarımız cəmiyyətin inkişafı yolunda hər zaman ən prioritet məsələ kimi ön plana çəkmişlər. Bu mövzunu daha həssaslıqla işləmiş, əhatəli şəkildə cəmiyyətə çatdırmağa çalışmışlar.

Çünki anlamaq mədəniyyətdir, ucalmaqdır, özünü dərkdir. Qarşılıqlı anlaşma sülhə çağırışdır, mütərəqqi yoldur, cəmiyyətlər və dövlətlər arasında əmin-amanlığın qarantıdır.

Bəzən isə KÜTlənin və milliliyə əks mövqedə dayananların şər əməllərindən yorulan bilim adamlarının susqunluğu, gücsüzlüyü təəssüf və təəccüb doğurur. Hardasa Auqust Strindberqin "Tənhalıqda özün-özünə ağasan" — fikri ilə razılaşmaq olar. Bəlkə də bu səbəbdəndir ki, Kafka, Sveyq, Kvens və sadalanacaq çoxları özlərini tənha və bu çoxluq içində boşluqda hiss edirdilər. Ətraflarında hər kəsin olduğu halda, tənha qalmaları da Strindberqi "Tənha" romanı yazmağa məcbur etdiyi kimi... Riyazi məntiqlə yanaşsaq daxilində heç bir elementi olmayan boş çoxluq kimi...

Ancaq Kamyu kimi insanlardan qaçmaq da doğru olmazdı. Çünki qələm adamının — ziyalının mənəvi boşluqları doldurmaq, cəmiyyətin ədalət, düzgünlük, bərabərlik prinsiplərinə yiyələnmək, doğrunu anlamaq və qanmaq qabiliyyətini inkişaf etdirmək öhdəliyi vardır.

Müstəqil Azərbaycan mətbuatının ağsaqqalı professor Cahangir Məmmədlinin ""Anlamaq dərdi"ni anlamaq dərdi" essesi müasir zamanımızın ən uğurlu, ən düşündürücü, anlamaq hissinin isə bu yazı ilə ən ali məqama yetişərək anlamaq və qanmaq qabiliyyətinin inkişafı baxımından qiymətli yazıdır. Essenin adındakı anlamaq sözünün iki dəfə işlənməsi isə, sözü riyazi məntiqlə yanaşsaq, kvadrata yüksəldərək bu hissin dəyərinin, milliliyinin artmasının şahidi olmuş oluruq.

Cahangir müəllim leksikomunda "anlamaq" sözünü hər zaman tez-tez işlədir. O, mühazirələrində "Vətəni sevməyi anlamaq lazımdır", "Xalqın istiqlalının, müstəqilliyinin nə qədər qiymətli olduğunu anlamaq lazımdır", "Müstəqil ölkənin azad vətəndaşı olmağı anlamaq lazımdır" ifadələri bir tərəfdən Cahangir Məmmədlinin vətən sevdalısı, əsl azərbaycanlı olmağından irəli gəlirsə, digər tərəfdən, zənnimcə, anlamaq sözü USTADI olmuş Şirməmməd Hüseynovdan xatirədir. Çünki unudulmaz Şirməmməd müəllim anlamaq hissi ilə alışıb yanan, daxilində müstəqil Azərbaycanı sevə-sevə yaşadan böyük alim idi.

Mir Şahin Ağayevə müsahibəsində Şirməmməd Hüseynov metrin mində biri qədər həssaslıqla: "Mövcud olmaq birinci növbədə anlamaqdır. İnsanı digər canlılardan ayıran ən birinci cəhət odur ki, anlayır, qanır" — deməsi hələ də qulaqlarımda cəngi sədası kimi eşidilir, duyğulu ahənglə döyünür. Bəxtiyar Vahabzadənin "Yaşamaq yanmaqdır, yanasan gərək" şeirini şairin dilindən dinləyən Şirməmməd Hüseynov öz dostunun əsərini bu cür redaktə edərək demişdir: "Yaşamaq qanmaqdır, qanasan gərək"

Qayıdaq Ustad Cahangir Məmmədlinin "" Anlamaq dərdi"ni anlamaq dərdi" essesinə. Ustad bu esseni qələmin mürəkkəbi ilə deyil, gözünün nuru, qəlbinin hərarəti, əqlinin hökmü ilə ərsəyə gətirmişdir. Qələmdən kağıza söz yox, sətir yox / Beyninə dağ basan odu tökmüsən (Xəlil Rza Ulutürk). 

Bu əsər anlamaq hissini anlatmaq baxımından bütün dönəmlərin qiymətli essesi olaraq qalacaqdır. Çünki esse canyanğısı, qan yaddaşı ilə yoğrulmuş, anlamaq dərdini isə anlamaq səadətinə çevirə bilmişdir.

Yazının sonunda Xəlil Rza Ulutürkün "Anlamaq səadəti" şeirindəki bu bəndin də ünvanı hesab edirəm ki, Ustad Cahangir Məmmədlidir.

"Ən böyük dərd imiş anlamaq dərdi!"... 

— deyib

İçin için gizli yanmısan

Dərk edə bilsəydi, dağ əriyərdi,

Sən dağdan, qayadan mərd dayanmısan.

Əsgər İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью