Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aralıq Dənizi Turizm Otelçiləri və Operatorları Assosiasiyasının prezidenti Kaan Kaşif Kavaloğlu, Türkiyənin turizmdə yeni hekayələr yaratmalı, təyinat müxtəlifliyini artırmalı və təcrübəyə əsaslanan turizm məhsulları hazırlamalı olduğunu söyləyib.
Kavaloğlu yerli mediaya verdiyi açıqlamada, Türkiyənin qlobal turizmdəki mövqeyini gücləndirmək üçün uğurlu təyinat idarəetmə modellərinin araşdırılmasının vacib olduğunu qeyd edib.
Fransa və İspaniya kimi ölkələrin turizm siyasətini araşdırdıqlarını izah edən Kavaloğlu, "Turizmdə yeni hekayələr yazmalıyıq. Antalya və İstanbul Türkiyənin turizm fəaliyyətinin təxminən 80 faizini təşkil edir. Buna görə də, turizm Türkiyəyə nə qədər çox yayılarsa, bir o qədər inkişaf edəcək."
İspaniyanın 17 istiqamət üçün xüsusi marketinq apardığını bildirən Kavaloğlu, mərkəzi və yerli hökumətlər arasında turizm sahəsində əlaqələndirilmiş işin vacibliyini vurğulayıb.
Kavaloğlu həmçinin Fransanın turizmdə müxtəlif istiqamətləri hədəf alan tədqiqatlar apardığını və Türkiyənin şəhər, kurort, xizək və qış turizmi baxımından əhəmiyyətli potensiala malik olduğunu qeyd edib.
"Dəniz, qum və günəşlə yalnız bir qədər irəli gedə bilərik", - deyən Kavaloğlu, Fransanın turizm fəaliyyətinin böyük bir hissəsinin ölkənin məhdud bir bölgəsində baş verdiyini və turizm mütəxəssislərinin 25 pilot bölgədə fərqli marketinq metodlarını tətbiq etdiyini əlavə edib.
Daha sonra Kavaloğlu bildirib ki, Türkiyədə turistlərə tarix, incəsənət, mədəni irs, qastronomiya, alış-veriş, kənd həyatı, eləcə də isti hava balonu turları, paraşütlə uçma, xizək sürmə və termal bulaqlar da daxil olmaqla bir çox müxtəlif sahələrdə təcrübə təklif etmək olar.
Antaliyanın hər il təxminən 17 milyon xarici turistə ev sahibliyi etdiyini qeyd edən Kavaloğlu, bu yüksək həcmin şəhərdə əhəmiyyətli bir turizm ekosistemi və məşğulluq yaratdığını bildirib.
O, sonda onu da əlavə edib ki, "16,5-17 milyon turistin gəlişi ilə yaradılan ekosistem pozulmamalıdır. Bu rəqəm azalmadan davam etməlidir və ona daha yüksək keyfiyyətli turist bazası əlavə edilməlidir".
M.MİRZƏ
XQ