Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Qlobal iqlim dəyişikliklərinin təsirlərinin getdikcə daha aydın hiss olunduğu bir vaxtda beynəlxalq ictimaiyyət növbəti mühüm iqlim sammitinə hazırlaşır. Noyabrın 9-da Türkiyənin Antalya şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası - COP31 işə başlayacaq. Noyabrın 20-dək davam edəcək beynəlxalq tədbir dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, iqlim mütəxəssislərini, alimləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəsmi məlumatına əsasən, COP31-in əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, mövcud öhdəliklərin həyata keçirilməsini sürətləndirmək və qlobal enerji keçidinə dəstək verməkdir. Konfrans çərçivəsində iqlim böhranının qarşısının alınması, temperatur artımının məhdudlaşdırılması, ekoloji dayanıqlılığın gücləndirilməsi və iqlim dəyişikliklərinin təsirlərinə daha həssas olan icmaların müdafiəsi kimi məsələlər diqqət mərkəzində olacaq.
Tədbirə Türkiyə ev sahibliyi edəcək. COP31-in prezidenti vəzifəsinə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun namizədliyi irəli sürülüb. Danışıqlar prosesinə isə Avstraliyanın iqlim və enerji naziri Kris Bouen rəhbərlik edəcək. Bu, konfransın təşkilati və danışıqlar rəhbərliyinin iki ölkə arasında bölüşdürüldüyü fərqli əməkdaşlıq modelidir.
Noyabrın 11-12-də sammit çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə dünya liderlərinin toplantısı da keçiriləcək. Bu görüşdə iqlim öhdəliklərinin yerinə yetirilməsi, təmiz enerji mənbələrinə investisiyaların artırılması və beynəlxalq səviyyədə birgə fəaliyyətin genişləndirilməsi məsələlərinin müzakirəsi gözlənilir.
COP31-in əhəmiyyəti yalnız növbəti beynəlxalq toplantı keçirilməsi ilə məhdudlaşmır. Çünki iqlim dəyişikliyi artıq ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin qarşısında dayanan ümumi təhlükəyə çevrilib. Quraqlıqların, daşqınların, güclü fırtınaların artması, dəniz səviyyəsinin yüksəlməsi, su və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin dərinləşməsi dövlətləri daha məsuliyyətli və əlaqələndirilmiş addımlar atmağa vadar edir.
Antalyada keçiriləcək sammitdən gözləntilər də məhz bu reallıqdan qaynaqlanır. Əsas məsələ beynəlxalq səviyyədə qəbul edilən qərarların kağız üzərində qalmaması, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin konkret nəticələrə çevrilməsidir. Təmiz enerjiyə keçid, ekoloji tarazlığın qorunması, maliyyə resurslarının səfərbər edilməsi və iqlim risklərinə qarşı dayanıqlı infrastrukturun qurulması bu istiqamətdə mühüm vəzifələrdir.
Antalya bu dəfə yalnız turizm şəhəri kimi deyil, dünyanın gələcəyinə təsir edən mühüm qərarların müzakirə olunacağı beynəlxalq platforma kimi diqqət mərkəzinə gəlir. COP31-in nəticələri isə qlobal iqlim siyasətinin gələcək istiqamətləri və bəşəriyyətin ortaq ekoloji məsuliyyətinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
Nurəngiz Adilqızı
XQ