Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 18 iyun, AZƏRTAC
Türkiyənin Antalya vilayətində yerləşən Aspendos Əntiq Şəhərində aparılan qazıntı işləri zamanı Roma dövrünə aid Anadolu mozaika sənətinə məxsus son dərəcə mühüm bir kəşf üzə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.
Nazir bildirib ki, aşkar edilən mozaikanın mərkəzində şəhərə həyat verən Evrimedon çayını simvolizə edən “Gənc Evrimedon” təsviri yer alır. Qamış yarpaqları, amfora (səhəngəbənzər saxsı qab) və balıq fiqurları ilə zənginləşdirilən bu kompozisiya suyun, bərəkətin və həyatın simvolik ifadəsini əks etdirir. Kiçik tesseralarla (mozaika parçaları) yaradılan rəng keçidləri, zəngin detalları və yüksək sənətkarlıq səviyyəsi ilə diqqətçəkən bu əsər, mozaika sənətində olduqca nadir rast gəlinən çay tanrısı təsvirlərindən biri olması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilib ki, bu kəşf yalnız Aspendosun bədii zənginliyini ortaya qoymaqla kifayətlənmir, həm də Roma dövrü Anadolu mozaika sənəti ilə bağlı mühüm elmi məlumatlar təqdim edir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul