“Anthropic”in gəlirlərinin 2030 cu ildə 500 milyard dolları ötəcəyi gözlənilir

18.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

İnvestisiya araşdırmaları şirkəti “New Street Research” bu həftə səhmlərinin ilkin kütləvi təklifini (IPO) keçirməsi gözlənilən “Anthropic” şirkətinin səhmləri üzrə “al” tövsiyəsi verib və növbəti 12 ay üçün hədəf qiymətini 105 dollar müəyyənləşdirib. Qurum süni intellekt sahəsində fəaliyyət göstərən şirkətin illik gəlirlərinin 2030-cu ilədək 505 milyard dollara çatacağını proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, “New Street Research” “Anthropic” şirkətinin səhmlərini investisiya tövsiyələri siyahısına daxil edib. Analitiklərin müəyyənləşdirdiyi 105 dollarlıq hədəf qiymət gözlənilən 70-78 dollarlıq ilkin kütləvi təklif qiyməti ilə müqayisədə təxminən 35-50 faiz artım potensialına işarə edir.

İlkin kütləvi təklif nəticəsində “Anthropic” şirkətinin bazar dəyərinin təxminən 1,4 trilyon dollara çatacağı gözlənilir. İnvestorların süni intellektə yatırımlarla bağlı qeyri-müəyyənlikləri qiymətləndirməyə davam etdiyi bir dövrdə baş tutacaq bu IPO-ya böyük maraq var.

Bildirilib ki, ilkin kütləvi təklif çərçivəsində “Anthropic” səhmlərinin qiyməti ehtiyatlı yanaşma əsasında müəyyənləşdirilib. Şirkət yetkinləşmiş iri bulud xidmətləri təminatçılarına bənzər səviyyədə, yüksək artım nümayiş etdirən infrastruktur proqram təminatı şirkətlərindən isə xeyli aşağı qiymətləndirilir.

Proqnoza görə, “Anthropic” şirkətinin ümumi gəlirləri 2030-cu ildə 505 milyard dollara yüksələcək. Qurum şirkətin hesablama gücünün 2026-cı ilin sonundakı 5 giqavatdan onilliyin sonunadək altı dəfə artaraq 30 giqavata çatacağını gözləyir. Bu genişlənmə nəticəsində illik hesablama xərclərinin təxminən 314 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

“Anthropic” artıq ümumi dəyəri 1 trilyon dolları ötən uzunmüddətli hesablama gücü müqavilələri imzalayıb. “New Street Research”in qiymətləndirməsinə əsasən, bu müqavilələr 2030-cu ilədək 17 giqavat həcmində razılaşdırılmış hesablama gücünü əhatə edir. Bu isə qurumun həmin dövrədək şirkətin istifadəyə verməsini gözlədiyi giqavatlıq ümumi gücün yarısından çoxuna bərabərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью