Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda müəyyən qüvvələr dünyəvi təhsil sistemini dini nöqteyi-nəzərdən qiymətləndirməyə və bu istiqamətdə ölkənin qanunvericiliyinin tələblərinə müdaxilə etməyə çalışırlar".
Bunu Milli.Az-a açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri də dünyəvi təhsil prinsipləri əsasında fəaliyyət göstərir:
"Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu açıq şəkildə qeyd olunub. Azərbaycan dövləti Konstitusiya əsasında idarə olunur, şəriət qanunları əsasında deyil. Biz müsəlman ölkəsi, daha doğrusu, müsəlman dövləti deyilik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə həyata keçirilməsini təmin edib. Təsadüfi deyil ki, müsəlman həmrəyliyinə böyük töhfə verərək Azərbaycan 2017-ci ili İslam Həmrəyliyi İli elan edib. Həmin il IV İslam Həmrəyliyi Oyunlarına da Azərbaycan ev sahibliyi edib. Gələn il isə Azərbaycanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçiriləcək".
E.Nəsirov qeyd edib ki, bütün bunlar Azərbaycanda dini və etnik zəmində ayrı-seçkiliyin olmadığını təsdiqləyir:
"Azərbaycan mülki və multikultural dövlətdir. Bu gün ölkəmizdə 2389 məscid fəaliyyət göstərir. Həmin məscidlərdə eyni vaxtda 600 min insan namaz qılıb ibadət edə bilir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa edilən ilk abidələrdən biri məscid olub. Bu hadisə Cəbrayıl rayonunda baş verib. İşğal dövründə ermənilər tərəfindən ölkəmizdəki 67 məscidin 65-i dağıdılıb və ya yararsız vəziyyətə salınıb. Həmin məscidlərin bərpası istiqamətində hazırda çox ciddi işlər görülür".
Deputat bildirib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını sözdə deyil, əməldə sübut edir. Ölkəmizdə şiələr və sünnilər vəhdət namazı qılırlar:
"Belə bir reallıq olduğu halda, Azərbaycanı dini tolerantlığın olmamasında ittiham etmək günahdır. İnanın ki, bu, həqiqətən də günahdır. İnsan Azərbaycana qarşı bu cür ittihamlar irəli sürmək üçün vicdansız olmalıdır".
Deputatın sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqi dünyəvi dövlət prinsiplərindən irəli gəlir.
"Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi bizim dünyagörüşümüzdən və dünyəvi dövlət olmağımızdan irəli gələn məsələdir. Burada başqa dini çalarlar axtarmaq mənasız və əbəsdir.
Təəssüflə qeyd edirəm ki, bu gün belə cəhdlər var. Təsadüfi deyil ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə qarşı təhdidlərdən danışarkən xaricdən ixrac olunan ideoloji təhdidlərin də mövcud olduğunu bildirib. Bu ideoloji təsirlər müxtəlif kanallar vasitəsilə ölkəmizə sızdırılır. İnternet əsrində, kiberhücumların və süni intellektin mövcud olduğu şəraitdə belə təsirləri yaymaq çox asandır".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev ideoloji təhdidlərə qarşı mübarizənin əsas yolları kimi təhsil və vətənpərvərliyi göstərib:
"Cənab Prezident bu təhdidlərə qarşı mübarizənin yolunu da göstərib. İlk növbədə, bu, təhsildir. Elmli, bilikli və savadlı gəncin beynini yumaq mümkün olmur. Eyni zamanda, vətənpərvərlik də mühüm amildir. Savadlı, elmli və bilikli insan vətənpərvər olanda, vətənini sevəndə xarici qüvvələr onun qarşısında aciz qalırlar. Onlar belə bir insanın düşüncəsini və əqidəsini dəyişə bilmirlər.
Cənab Prezident bu məsələdə ünvanı da göstərir: hər şey məktəbdən başlayır. Ona görə də Azərbaycanı sevməyən qüvvələr məktəbi hədəf alıblar. Onlar məktəblərdə şagirdlərin və müəllimlərin baş örtüyü məsələsini siyasiləşdirir, bu məsələyə dini çalarlar qatırlar. Çalışırlar ki, Azərbaycanda cəmiyyəti pozsunlar.
Bu addımlar əbəs yerə atılır. Belə cəhdlərin heç bir mənası olmayacaq və onlar uğurla nəticələnməyəcək. Çünki Azərbaycan xalqı müzəffər xalqdır. Xalqımız yaxşını pisdən ayırmağı bacarır və müəyyən xarici anti-Azərbaycan dairələrinin hansı məqsədlər güddüyünü görür".
E.Nəsirov təəssüflə qeyd edib ki, onun fikrincə, bu dairələr qonşu İranda da geniş kök salıblar:
"Eyni zamanda, qardaş Türkiyədə də müəyyən siyasi, ideoloji və dini qruplaşmalar eyni yolu seçərək Azərbaycanı hədəf alırlar.
Amma onlar səhv edirlər. Səhv edirlər, gedib güzgüyə baxsınlar və düşünsünlər ki, bunu etməyə mənəvi haqları varmı? Onların belə bir haqqı yoxdur, heç kim onlara bu haqqı verməyib.
Azərbaycan müstəqil dövlətdir. Azərbaycan belə eksperimentlər keçirmək üçün uğurlu coğrafiya və məkan deyil. Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar".
Müəllif: Mina Mikayılova