Antibiotikdən ev şəraitində istifadə ölümcül ola bilər Həkimdən xəbərdarlıq

23.01.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Son dövrlərdə antibiotiklərin həkim nəzarəti olmadan istifadəsinin artması müxtəlif sağlamlıq risklərinin yaranmasına səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, qış mövsümündə havaların soyuması ilə yanaşı, yoluxucu xəstəliklərin sayı da artır. Qızdırma, boğaz ağrısı, öskürək kimi əlamətlərlə üzləşən bir çox insan həkimə müraciət etmək əvəzinə, problemi tez həll etmək üçün antibiotiklərə üz tutur.
Bəs antibiotiklərin həkim nəzarəti olmadan, xüsusilə ev şəraitində istifadəsi insan sağlamlığı üçün hansı risklər yarada bilər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, dünyanın heç bir ölkəsində antibiotiklərin həkim təyinatı olmadan vurulmasına icazə verilmir:
“Dünyanın heç bir yerində ev şəraitində infuziya terapiyası aparılmır. Yəni sistemlərin qoşulması, dərmanların köçürülməsi evdə həyata keçirilmir. Azərbaycan insanlarının psixologiyasında belə bir düşüncə formalaşıb ki, guya sistem qoşulduqda və ya antibiotik vurulduqda hər şey dərhal düzəlir. Tez bir zamanda sağalmaq istəyirlər. Halbuki bu, düzgün yanaşma deyil”.
Həkimin sözlərinə görə, antibiotiklər ciddi allergik reaksiyalara, hətta ölümə səbəb ola bilər:
“Bu yaxınlarda bir xəstəmiz seftriakson preparatının cəmi 0,2 ml-lik dəridaxili sınağından sonra anafilaktik şok keçirdi. Xəstəni 6 saat ərzində böyük çətinliklə bu vəziyyətdən çıxara bildik. Əgər həmin inyeksiya ev şəraitində edilsəydi və vaxtında tibbi müdaxilə olmasaydı, xəstə həyatını itirə bilərdi”.
Şahvələd Məmmədov vurğulayıb ki, antibiotiklərin nəzarətsiz istifadəsi müxtəlif fəsadlara yol açır:
“Birinci növbədə immuniteti zəiflədir, ikinci növbədə isə göbələk infeksiyalarının və bağırsaq mikroflorasının pozulmasına şərait yaradır. Ona görə də həkim nəzarəti olmadan heç bir antibiotikdən – nə inyeksiya, nə də tablet formasında istifadə etmək tövsiyə olunmur. İnsanlar bu zaman çox böyük risklər altında qalırlar”.
Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью