Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyada antibiotiklərə və digər antimikrob dərmanlara qarşı davamlılığın artması qlobal səhiyyə sistemini ciddi təhlükə ilə üz-üzə qoyur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığına görə, mövcud tendensiya dəyişməz qalarsa, növbəti 25 il ərzində dərmanlara davamlı infeksiyalar 39 milyon insanın birbaşa ölümünə səbəb ola bilər.
Təşkilat bildirir ki, antibiotiklərin təsir gücünü itirməsi adi cərrahi əməliyyatları, doğuşları, xərçəng müalicəsini və digər tibbi müdaxilələri belə təhlükəli vəziyyətə gətirə bilər.ÜST-nin antimikrob davamlılıq departamentinin rəhbəri vəzifəsini icra edən Jan-Pyer Nyemazi bildirib ki, dərmanlara davamlılıq artıq müasir tibbin gələcəyini təhdid edən genişmiqyaslı problemə çevrilib.
Onun sözlərinə görə, COVID-19 pandemiyasından fərqli olaraq, dərmanlara davamlı infeksiyalar uzun illərdir insanların həyatına son qoyur, lakin bu təhlükə lazımi səviyyədə diqqət çəkmir. Təşkilatın məlumatına əsasən, təkcə 2021-ci ildə antimikrob davamlılıq birbaşa olaraq 1 milyondan çox insanın ölümünə səbəb olub, təxminən 4,7 milyon ölümlə isə əlaqələndirilib.
ÜST-nin 2026-cı ildə 183 ölkədə apardığı qiymətləndirmə göstərib ki, dövlətlərin təxminən 90 faizinin antimikrob davamlılığa qarşı milli fəaliyyət planı mövcuddur. Halbuki 2017-ci ildə bu göstərici təxminən 40 faiz təşkil edirdi. Lakin problemin əsas tərəfi həmin planların real həyata keçirilməsidir. ÜST-nin məlumatına görə, cəmi 42 ölkədə bu planlar maliyyələşdirilir, icra olunur və mütəmadi nəzarətdə saxlanılır.
Təşkilatın qlobal müşahidə məlumatları göstərir ki, 2023-cü ildə laboratoriya müayinəsi ilə təsdiqlənmiş hər altı bakterial infeksiyadan biri müalicə üçün istifadə edilən antibiotiklərə davamlı olub. ÜST-nin antimikrob davamlılıq üzrə müşahidə bölməsinin rəhbəri Silviya Bertanyolo bildirib ki, müvafiq testlər olmadan həkimlər infeksiyanın səbəbini və hansı antibiotikin təsir göstərəcəyini bilmədən müalicə aparmağa məcbur qalırlar.
Problemlə mübarizəni gücləndirmək məqsədilə ÜST iki yeni diaqnostika vasitəsi hazırlayıb.Birinci vasitə ilkin tibbi yardım mərkəzlərindən tutmuş ixtisaslaşmış xəstəxanalara qədər səhiyyə sisteminin bütün səviyyələrində hansı laboratoriya testlərinin əlçatan olmalı olduğunu müəyyənləşdirir. İkinci vasitə isə nümunələrin götürülməsindən xəstəlik törədicilərinin müəyyənləşdirilməsinə və onların antibiotiklərə həssaslığının yoxlanılmasına qədər 73 laboratoriya prosedurunu əhatə edir.
Təşkilatın fikrincə, infeksiyaların qarşısının alınması, peyvəndləmə, təmiz su və sanitariya xidmətlərinə çıxışın yaxşılaşdırılması, eləcə də antimikrob dərmanlardan düzgün istifadə problemin həllində əsas vasitələrdir.
Antimikrob davamlılıq bakteriya, virus, göbələk və parazitlərin onları məhv etmək və ya inkişafını dayandırmaq üçün istifadə olunan dərmanlara qarşı müqavimət qazanmasıdır.Bu prosesin əsas səbəblərindən biri antibiotiklərin ehtiyac olmadığı halda qəbul edilməsi, həkim göstərişi olmadan istifadəsi və dərmanların düzgün seçilməməsidir. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı təsirlidir. Virus mənşəli xəstəliklər zamanı onların əsassız istifadəsi isə davamlı bakteriyaların yaranmasına və yayılmasına şərait yaradır.
ÜST xəbərdarlıq edir ki, yeni antibiotiklərin hazırlanması dərmanlara davamlı bakteriyaların yayılma sürətinə çatmır. Nəticədə əvvəllər asanlıqla müalicə edilən infeksiyalar getdikcə daha ciddi təhlükəyə çevrilir.
Lalə Mehralı