Antiterror əməliyyatından kitab yazıldı: “23 saat və 43 dəqiqə”

29.10.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yazıçı Varisin “Elm və təhsil” nəşriyyatında “23 saat və 43 dəqiqə” adlı kitabı işıq üzü görüb. “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” alt başlığı ilə çıxan 528 səhifəlik kitabda 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş və Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnmiş lokal antiterror əməliyyatı barədə demək olar ki bütün məlumatlar öz əksini tapıb.

Modern.az xəbər verir ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb, əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Kitab özlüyündə 3 fəsildən ibarətdir, kitabın 1-ci fəsli əməliyyata qədərki dövrü və əməliyyatı əhatə edir. 3-cü fəsil əməliyyatdan sonrakı prosesləri əks etdirir. Kitabı unikal edən isə 2-ci fəsildir. Burada antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin həyat yoldaşı, kimisinin övladı kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim edir.

“23 saat 43 dəqiqə” kitabının Azərbaycanın müasir tarixinin bədii-sənədli səlnaməsini əks etdirən dəyərli vəsait kimi faydası böyük olacaq, çünki nəşr Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesini büsbütün tərənnüm etməklə gələcək nəsillərin yaddaşına köçürmək missiyasını yerinə yetirir.

Kitabın nüsxələri şəhid ailələrinə, müxtəlif qurumlara, ictimaiyyət nümayəndələrinə hədiyyə ediləcək.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью