Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şəhid ömrü–zamana sığmayan, illərlə deyil, Vətənə və xalqa həsr olunmuş fədakarlıqla ölçülən müqəddəs bir ömür yoludur. Mətbuatımızda və ədəbiyyatımızda şəhid ömrü sadəcə bir tərcümeyi-hal deyil, gələcək nəsillərə örnək olan bir qəhrəmanlıq dastanıdır.
Bəzən bir ömür əsrlərə sığmayacaq qədər böyük, bir ömür də bir neçə anın içində əbədiləşəcək qədər uca olur. Şəhid ömrü – Vətən torpağına yazılmış ən şərəfli imzadır.
Bu gün doğum günü olan şəhid Aqil Fayəddin oğlu Əkbərov 14 sentyabr 1985-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olub.
Tabor komandiri olan Aqil Əkbərovun arzusu, atası kimi hərbçi olmaq olub.
Buna görə də o, imtahan verib və yüksək bal toplayaraq Ali hərbi məktəbə daxil olub. Xidmət dövründə ən nümunəvi zabitlərdən biri kimi yadda qalıb.
Şəhidlik zirvəsinə ucaldığı gündən iki gün əvvəl atası ilə danışan Aqil hər şeyin yaxşı olduğunu bildirib. Atası da ona bir hərbiçi kimi öz məsləhətlərini verib.
Azərbaycan ordusunun mayoru olan Əkbərov Aqil "Komando" briqadasında mayor olaraq xidmət edirdi. 19-20 sentyabrda anti-terror tədbirləri zamanı şəhid olub. Lənkəran rayonu, Xolmili qəbiristanlığında dəfn olunub.
19–20 sentyabr anti-terror tədbirləri 44 günlük Vətən Müharibəsi ilə başlayan Zəfər salnaməsinin son və qətiyyətli akkordu oldu. Bu 24 saatlıq rəşadət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam nöqtəsinə çatdıran tarixi addımdır. Bu əməliyyatla Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu və separatçılığa son qoyuldu.
Aqil Əkbərov Prezident İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Azərbaycan Bayrağı” ordeni və “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Aqilin bir azyaşlı övladı Vətən əmanətidir. Şəhidlərin geridə qoyduğu analar, həyat yoldaşları və atasız böyüyən övladlar xalqımızın ən müqəddəs əmanətləridir. Onların məğrur duruşu şəhid ömrünün mənəvi tamamlayıcısıdır.
Müşfiq MİRZƏ
XQ