Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri bölgənin siyasi və təhlükəsizlik reallığını dəyişən əsas hadisələrdən biri oldu.
23 saat 43 dəqiqə davam edən əməliyyatın ardından separatçı qüvvələrin silahlı fəaliyyəti dayandırıldı və bölgədə Azərbaycanın dövlət idarəçiliyinin bərpası üçün şərait yarandı. Sonrakı dövrdə Qarabağda təhlükəsizliyin təmin olunması ilə yanaşı, şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və əhalinin bölgəyə qayıdışı istiqamətində proseslər sürətləndi.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra dövlət suverenliyinin tam təmin olunması baxımından mühüm mərhələ olub:
"Antiterror tədbirləri Azərbaycan ərazisində müvəqqəti yerləşən və fəaliyyətini davam etdirən qanunsuz silahlı birləşmələrin tərksilah edilərək ərazilərdən çıxarılması ilə nəticələndi. Ən böyük nəticə ondan ibarət idi ki, Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşu bərpa edildi, qanunsuz silahlı birləşmələr ləğv olundu və onların silahları müsadirə edildi. Antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycan Bayrağı ucaldıldı. Başqa sözlə, bu tədbirlər Azərbaycanın ərazisində separatizm probleminin aradan qaldırılması və dövlət suverenliyinin tam təmin olunması baxımından mühüm nəticə verdi”.
Ekspert qeyd edib ki, antiterror tədbirləri regionda dayanıqlı sülh üçün də yeni imkanlar yaradıb:
"Antiterror tədbirlərindən sonra bölgədə dayanıqlı sülhün əldə olunması üçün real imkanlar yarandı. Azərbaycan öz ərazisində separatçı rejimin fəaliyyətinə son qoymaqla Ermənistanın da uzun illər üzərində daşıdığı bu yükü aradan qaldırdı. Qarabağdakı separatçı rejimin maliyyələşdirilməsi Ermənistan üçün ciddi iqtisadi və siyasi yük idi. Bundan sonra Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələ formalaşmağa başladı. Hazırda sülh istiqamətində mühüm addımlar atılıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Bununla yanaşı, yekun sülh sazişinin imzalanması üçün müəyyən proseslər hələ də davam edir”. (Azərbaycan Xarici İşlər Nazirliyi)
Ə. Verdiyev vurğulayıb ki, antiterror tədbirlərindən sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə yanaşmasında da dəyişiklik müşahidə olunub:
"Ermənistan artıq anlayır ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları və revanşist yanaşmalar ağır nəticələrə gətirib çıxara bilər. Ermənistan cəmiyyətində də bu məsələyə fərqli yanaşmalar formalaşmağa başlayıb. Artıq bir çoxları hesab edir ki, Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə qarşıdurma üzərində qurulan siyasəti region üçün ciddi problemlər yarada bilər. Bu baxımdan, qonşu dövlətlərlə normal münasibətlərin qurulması Ermənistanın özü üçün də əhəmiyyətlidir”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın xarici siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur:
"Ermənistan başqa ölkələrin təsir mexanizmindən çıxmaq və qonşuları ilə daha normal münasibətlər qurmaq niyyətini ortaya qoymağa başlayıb. Lakin bu proses hələ tam başa çatmayıb. Qarşıda görülməli işlər və həllini gözləyən məsələlər var”.
Fəridə Əsədzadə