Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda növbəti “Formula-1” yarışının startına artıq bir aydan da az vaxt qalıb. Azərbaycan Qran-prisindən əvvəl pilotlar daha iki mərhələdə mübarizə aparacaqlar. Sentyabrın 6-da Monzada, sentyabrın 13-də isə Madriddə keçiriləcək yarışlardan sonra “Formula-1” Bakıya gələcək. Sentyabrın 24-26-da “Kral yarışları”nın təqvimində özünəməxsus yeri olan Bakı Şəhər Halqasında mühərriklərin gurultusu yenidən paytaxtı bürüyəcək.
İdman.Biz xəbər verir ki, pilotların Bakıya səfərinə qədər qarşıda hələ iki mərhələ olsa da, mövsümün gedişində artıq aşkar lider müəyyənləşib. “Mercedes” pilotu Kimi Antonelli Azərbaycan Qran-prisinə ümumi sıralamanın lideri kimi gələcək. İtaliyalı pilot hazırda təqibçiləri üçün əlçatmaz görünür. O, cari mövsümdə beş yarış qazanıb və hesabında 242 xal var. Antonelli ən yaxın izləyiciləri – “Mercedes”dəki komanda yoldaşı Corc Rassell və “Ferrari”nin pilotu Lyuis Hemiltonu 57 xal qabaqlayır. Hər iki pilotun aktivində 183 xal var.
Məhz buna görə də Antonellinin yaratdığı ciddi xal fərqi göstərir ki, ən azı Bakı mərhələsinə qədər onu heç kimin geridə qoyması mümkün deyil. Üstəlik, bu mövsüm əla formada olan italiyalı pilot qarşıdakı doğma Monza yarışını nəzərə alsaq, üstünlüyünü daha da artıra bilər.
Antonelli ötən il Azərbaycan Qran-prisində podiuma çox yaxın olub və yarışı dördüncü pillədə başa vurub. Buna görə də bu dəfə onun daha iddialı çıxış edəcəyi və Bakı Şəhər Halqasında lider statusunu təsdiqləməyə çalışacağı gözlənilir. Bakı trasının gözlənilməzliyi isə mübarizəyə əlavə maraq qatır.
İtaliyalı pilotun “Formula-1”də cəmi ikinci tam mövsümünü keçirməsinə baxmayaraq, onun parlaq çıxışı debütantlar üçün əsl nümunə sayıla bilər.
Mütəxəssislər hesab edirlər ki, komandaların və pilotların sürətli uyğunlaşmasını tələb edən yeni qaydalar Antonellinin inkişaf trayektoriyasına tam uyğun gəlib. O, artıq formalaşmış bolidi mənimsəməklə kifayətlənmək əvəzinə, daim təkmilləşdirilən avtomobillə birlikdə inkişaf edib.
Cari mövsümün əsas xüsusiyyəti də məhz budur. Aerodinamika və güc qurğuları da daxil olmaqla, texniki reqlamentdəki köklü dəyişikliklər yarışın qaydalarını tamamilə yeniləyib. Bu isə bütöv bir nəsil ərzində debütantlar üçün ən geniş imkanları yaradıb. Təcrübəli pilotlar qəfildən özləri üçün tamamilə tanış olmayan şəraitlə üzləşiblər. Yeni nəsil isə starta əvvəlki illərdən fərqli olaraq, öyrənməli olduğu çoxsaylı yeniliklərlə deyil, özünü sübut etmək arzusu ilə çıxıb. Bu baxımdan Antonelli müasir şəraitdə bolidi necə idarə etmək lazım olduğunun parlaq nümunəsidir.
Bakıda komanda yoldaşları arasında gərgin mübarizənin şahidi olacağımızı da gözləmək olar. Xüsusilə Corc Rassellin də məhsuldar mövsüm keçirməsi bunu daha da maraqlı edir. “Mercedes” Konstruktorlar Kubokunda inamla liderlik edir. Pilotların mühəndis qrupu ilə qarşılıqlı əməkdaşlığı da yüksək səviyyədə qiymətləndirilir və bunu nəticələr də təsdiqləyir. Mexaniklər peletondakı ən yaxşı avtomobili ərsəyə gətirib, Antonelli və Rassell isə ondan maksimum səmərə ilə istifadə edirlər.
Bütün bunlar onların Bakı Şəhər Halqasındakı mübarizəsini izləməyi olduqca maraqlı edir.