Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Kulis.az xəbər verir ki, APA TV Xocalı soyqırımının ildönümündə maraqlı layihə hazırlayıb.
Televiziya 2015-16-cı illərdə yayınlanmış "Üç Valet" verilişinin xüsusi buraxılışını Xocalıdan hazırlayıb.
Verilişin aparıcılarından biri olan Qabil Abbasoğlu deyib ki, 2016-cı ilin fevralında APA TV-nin "Üç Valet" verilişini Xocalı soyqırımının ildönümünə həsr etməyi qərara alıblar.
"Verilişə qonaq kimi həm Xocalı sakini, həm həmkarımız, həm də bu faciənin dünyada tanınması üçün məhdud imkanları ilə fədakarlıq göstərən Səriyyə Müslümqızını dəvət etmişdik.
Verilişi hazırlayarkən belə bir quruluş düşündük ki, Xocalı faciəsi ədalətli qiymətini, bu vəhşiliyi törədənlər isə layiqli cəzasını almadığı üçün, üstəlik, qonağımız qadın olduğuna görə, üç kişinin ona sual ünvanlaması və onun cavablarını sakit dinləməsi çətin olacaq.
Odur ki, biz təqdimatı verib, qonağı tamaşaçılarla baş-başa buraxdıq və studiyadan ayrıldıq.
Verilişin sonuna qədər Səriyyə xanım həmin ağrılı hadisələri göz yaşları içində anlatdı.
Sonda studiyaya döndük və aparıcı İlqar Rəsul verilişi yekunlaşdırarkən dedi ki, Xocalı hadisələri barədə xeyli suallar açıq qalıb, amma o sualların cavabı mütləq veriləcək, o cavabı verməliyik və verəcəyik".