Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
İran rəsmiləri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ-yə məxsus “AH-64 Apache” helikopteri ilə bağlı Vaşinqtonun ittihamlarına münasibət bildiriblər.
“Qafqazinfo”nun “Əl-Cəzirə” telekanalına istinadən xəbərinə görə, İran xarici işlər nazirinin adı açıqlanmayan müavini bildirib ki, sözügedən helikopter İran tərəfindən qəsdən hədəf alınmayıb.
Rəsminin sözlərinə görə, hadisənin arxasında İranın olduğu barədə iddialar həqiqəti əks etdirmir. O qeyd edib ki, bölgədəki gərgin vəziyyət səbəbindən müxtəlif insidentlərin baş verməsi mümkündür, lakin bu, İranın helikopteri məqsədli şəkildə vurduğu anlamına gəlmir.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai isə daha sərt açıqlama verərək, ABŞ helikopterinin vurulmasını alqışlayıb. O bildirib ki, Vaşinqtonun bölgədə tətbiq etdiyi dəniz blokadası müharibə aktı hesab olunur və ABŞ-nin mümkün hücumuna İran qəti cavab verəcək.
Lakin İran dövlət televiziyasının yaydığı məlumata görə, ölkənin hərbi mənbələri son 24 saat ərzində Hörmüz boğazında hər hansı hava hücumunun həyata keçirilmədiyini bildiriblər.