Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Ötən ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub.
Axşam.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Qeyd edilib ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub. Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmayıb.
İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunmuş, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirilməsi xahiş olunub.
Bildirilib ki, Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib.
"Monitorinqin nəticələrinin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Yayımçılara bu istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyi bildirilib, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə qanunvericiliyiə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub" deyə, məlumatda əks olunub.