Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp “Qremmi” mükafatlandırma mərasimində səslənən zarafata kəskin reaksiya verərək aparıcı, komediya ustası Trevor Noya qarşı məhkəmə iddiası qaldıracağını bildirib.
KONKRET.az xəbər verir ki, hadisə müğənni Billi Aylişin mükafat alması ərəfəsində baş verib. Trevor Noa səhnədən deyib ki, “Qremmi” hər bir ifaçının arzuladığı mükafatdır, “təxminən Trampın Qrenlandiyanı istəməsi kimi”. O, daha sonra mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqala eyham vuraraq zarafatla əlavə edib ki, guya ABŞ prezidentinə “Bill Klintonla əylənmək üçün yeni ada lazımdır”.
Bu sözlərə cavab olaraq Donald Tramp özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edərək Trevor Noyu “tam uğursuz”, “yazıq, istedadsız və axmaq insan” adlandırıb.
ABŞ lideri bildirib ki, aparıcı faktları tez bir zamanda dəqiqləşdirməlidir, əks halda prezidentin vəkilləri ilə üz-üzə qala bilər.
“Hazırlaş, Noa, səninlə yaxşıca məşğul olacağam”, – deyə Tramp mümkün məhkəmə çəkişməsinə işarə edib.
Tramp eyni paylaşımda Ceffri Epşteynin adasına heç vaxt getmədiyini və ona yaxın belə düşmədiyini vurğulayıb. O, zarafatda adı çəkilən sabiq prezident Bill Klintonla bağlı isə şərh verə bilməyəcəyini qeyd edib.
Bundan əlavə, ABŞ prezidenti mükafatlandırma mərasimini də tənqid atəşinə tutub. O, “Qremmi”ni “dəhşətli şou” adlandıraraq bildirib ki, mərasimi izləmək demək olar ki, mümkün deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az