Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çində Apple şirkətinin yeni qatlanan iPhone Duo smartfonunun satışları gözləntiləri doğrultmayıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, cihazın ikinci əl bazarında qiymətlərinin kəskin ucuzlaşması böyük həcmdə alış edən satıcıları ciddi maliyyə itkiləri ilə üzləşdirib.
Məlumata görə, iPhone Duo-nun satışına təxminən iki həftə əvvəl başlanılıb. Yeni modelə böyük tələbat olacağını gözləyən vasitəçi satıcılar smartfonları yüksək qiymətlərlə və iri partiyalarla alıblar. Onlar əvvəlki iPhone modellərində olduğu kimi, yaranacaq qıtlıqdan istifadə edərək cihazları daha baha satmağı planlaşdırıblar.
Lakin satışların başlanmasından qısa müddət sonra vəziyyət dəyişib. Smartfonlara maraq sürətlə azalıb, ikinci əl bazarında qiymətlər kəskin aşağı düşüb.
Alıcıların marağının azalmasının əsas səbəbləri arasında telefonun qatlanma mexanizmindəki problemlər və proqram təminatındakı çatışmazlıqlar göstərilir.
Çinin Xançjou şəhərində yerləşən Yigao Digital City ticarət mərkəzinin satıcılarından biri bildirib ki, iPhone Duo alveri ilə məşğul olan vasitəçilərin demək olar hamısı hazırda zərərlə üzləşir.
Bəzi təcrübəli sahibkarlar on minlərlə, hətta yüz minlərlə yuan itiriblər. Mövcud vəziyyətdə məhsulları aldıqları qiymətə sataraq zərərdən yayınmaq belə uğur hesab olunur.
Bazarda təklifin sürətlə artması və cihazın ilkin qiymətinin yüksək olması da satışlara mənfi təsir göstərib. İlk maraq dalğası səngidikdən sonra ikinci əl bazarında tələbat demək olar ki, yox səviyyəsinə enib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)